Главная » 2012»Февраль»18 » Bakı polisi "Səhər" kanalının yerli müxbirini cibinə narkotik maddə qoymaqla tutdu
19:02
Bakı polisi "Səhər" kanalının yerli müxbirini cibinə narkotik maddə qoymaqla tutdu
İran televiziyasının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlı ötən gün Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun qardaşı Eldar Bayramlı "Turan”a bildirib ki, son 20 gündə jurnalisti dəfələrlə polis bölməsinə çağırıblar və siyasi baxışları haqda soruşublar. "Dünən axşam saat 18:00-a yaxın 5 polis əməkdaşı evə gələrək Anarı aparıb. Onlar saxlama haqqında heç bir sənəd təqdim etməyiblər”, - deyə Eldar bildirib.
Polislər saxlanmanın səbəbləri barədə onun qohumlarına məlumat verməkdən imtina ediblər. "Biz DİN-in "102” saylı növbətçi hissəsinə zəng etdik, oradan da cavab almadıq. Yalnız üçüncü zəngdən sonra bildirdilər ki, Anar qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur və onun üzərindən 4 qram heroin aşkar edilib”, - deyə Eldar vurğulayıb.
Qardaşı əmindir ki, A.Bayramlının üzərinə narkotik maddəni polis bölməsində qoyublar. 31 yaşlı A.Bayramov 5 ildir İran televeziyasında çalışır. O, "Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayıb.
Dünən Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanılıb. Saxlanmanın səbəbləri barədə məlumat yoxdur.
Telekanal nümayəndəliyindən baş verənlərdən təəccübləndiklərini bildiriblər və saxlanmanın səbəbləri barədə məlumatın olmadığını deyiblər. Həbslər barədə İranın Bakıdakı səfirliyinə məlumat verilib.
Öz növbəsində İran səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib ki, səfirlik bu ölkə televiziyasının nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir. İsgəndərinin fikrincə, saxlanılan şəxslər, vicdanlı, düzgün adamlardır və öz işlərində peşəkardır. İsgəndəri hesab edir ki, İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vurulmasına yönəlib.