Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyənin işi üzrə məhkəmə istintaqının son iclası keçirilib.
İş üzrə qondarma ittihamlarla təqsirləndirilən şəxslər son sözlərini deyiblər.
Rufulla Axundzadə sön sözünü Quran ayəsindən sitat gətirməklə başlayıb, xalq hərəkatı illərindənki fəaliyyətinə toxunub. Sonra ittiham olunduğu məsələlərə münasibət bildirib.
Rufulla Axundzadə ona qarşı ifadə verən şahidlərin, əsasən də Ədalət Kazımovun qərəzi olduğu üçün yalançılı ifadə verdiyini bildirib. Məhkəmə gedişatında da dəfələrlə hüquqlarını pozulmasından danışan Rufulla Axundov heç bir vaxt cinayət törətmədiyini deyib.
Son sözünün axırında üzünü hakimə tutaraq bildirib: «Sizdən bir təvəqqem var. Xahiş edirəm burda kiminsə, ailəsini, azyaşlı uşağını, xəstəliyini, qəhrəmanlığını deyil, vicdanı nəzərə alasınız. Sizdən bizə qarşı ədalətsizlik etmənizi istəyənlərə isə imtina edin. İstəməzdim ki, sizin kimi ziyalıların özlərinə, ya da övladlarına lənət oxunsun».
Məhkəmə iclasının sonunda hakim Eldar İsmayılov hökm oxunmaq üçün məhkəmə iclasının 7 oktyabr, saat 14.00-a təyin olunduğunu bildirib.