Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun dünən - 22 yanvar 2015-ci ildə Bakı şəhərində qanunsuz saxlanılması və Bakı şəhəri Səbayıl rayon məhkəməsi tərəfindən əsassız cərimələndirilməsi barədə Talış Mədəniyyət Mərkəzi bəyanat yayıb. Bəyanatı olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq:
Respublika Talış Mədəniyyət Mərkəzi Bəyan edir ki, 22 yanvar 2015-ci il tarixdə 12:00 radəsində Respublika Talış Mədəniyyət Mərkəzinin bir qrup üzvü iki dəfə Sovet İttifaqı Qəhramanı, general-mayor Həzi Aslanovun anadan olmasının 105-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanında generalın məzarını ziyarət ettmək istəmiş, lakin polislərin məzarın ətrafına heç kəsi buraxmadıqları üçün generalın qəbrinin ziyarəti baş tutmamışdır. Üstəlik Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov heç bir səbəb göstərilmədən Şəhidlər Xiyabanının qarşısında saxlanılmış, Səbayıl rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə aparılmış, ona saxlanma səbəbi izah edilməmiş, izahatı alınmamış, vətəndaşın polis tərəfindən saxlanma prosedurlarının digər şərtlərinə əməl edilməmişdir.
Heç bir araşdırma aparılmadan Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov barəsində inzibati xəta protokolu tərtib edilmiş, lakin Rafiq Cəlilov həmən protokol ilə tanış edilməmişdir.
Daha sonra Rafiq Cəlilov Səbayıl rayon Məhkəməsinə aparılmış, həmən məhkəmənin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, insan hüquq və azadlıqlarının kobud sürətdə pozulması ilə müşayət edilən Məhkəmə prossesində o İXM-nin 310.1 maddəsi ilə təqsirli bilinərək 200 (iki) yüz manat cərimə edilmişdir.
Rafiq Cəlilovun “ana dilində ifadə vermə” və “vəkil ilə təmin edilmə” vəsatətləri rədd edilmiş, ana dilindən başqa dildə ifadə verməyəcəyini bildirməsinə baxmayaraq, yəni heç bir ifadə vermədiyi halda, Məhkəmə Hökmündə ifadə verdiyi qeyd edilmişdir.
Respublika Talış Mədəniyyət Mərkəzi Azərbaycanda insan hüquq və azadlıqlarının kobud pozulmasından narahatlığını bildirərək, Daxili İşlər Nazirliyindən və Məhkəmə kollegiyasından bu cür biyabırçılığı tam araşdırmalarını xahiş etməklə, Respublika Talış Mədəniyyət Mərkəzinə qarşı basqı və təzyiqlərə son qoyulmasını tələb edir."
TALISH,ORG