Sabah Musavat partiyasının başqanı İsa Qənbərin Talış bölgəsinə səfəri planlaşdırılıb. Bununla bağlı hakimiyyət rəsmiləri həyacan keçirir və Lənkəranda 1 saylı hazırlıq elan etmişlər. Bu barədə regionun tanınmış siyasətçilərindən biri İltifat Rəhimzadə sosial şəbəkədə aşağıdakı məzmunda status paylaşıb.
"Rayon az qala "planetin ən həyəcanlı nöqtələrindən" birinə çevrilmişdir. Yenə də İH-dən idarə və müəssisələrə zəng olunaraq insanları sabah Lənkərana gələcək İsa Qəmbəri "qarşılamağa" "dəvət" edirlər. Çatan məlumatlara görə hətta Yanğınsöndürmə idarəsinə əhaliyə su şırnaqı səpmək üçün hazırlıq işləri görmək tapşırığı da verilmişdir. Yerli hakimiyyət nümayəndələri sabah İsa Qəmbərin tərəfdarı olan lənkəranlılarla, guya İsa Qəmbərin gəlişinə etiraz edən lənkəranlıları qarşı-qarşıya qoymaq niyyətindədir. Nəzərdə tutulmuş qarşıdurmanı "lənkəranlılaşdırmaq"-la özünüzü məsuliyyətdən kənara çəkmək cəhdi uğurlu bir addım sayıla bilinməz. Lənkəranlıları bir-birinə qarşı qoymayın! Lənkəranda hamı bir-birini tanıyır. Xeyrimiz və şərimiz birdir. Sifarişlə, göstərişlə, ehtiyacı olan insanları müxtəlif vədlərlə ələ almaqla bir-birinə düşmən etməyin! Bu nə insan mənəviyyatına, nə də ki, vəzifə əxlaqına sığan bir iş deyil. Vəzifə müvəqqətidir. Sabah siz Lənkərandan gedə bilərsininz, amma lənkəranlılar bu torpaqda yaşayacaq, üz-üzə gələcəklər. Bizi bir-birimizdən xəcalətli etməyin. İnsanları dostdan düşmənə çevirməklə, vətəndaş qarşıdurmasına yol açmaqla hər hans bir məqsədə nail olmaq heç bir əxlaq, vəzifə və mənəviyyata sığışan deyil. Ədavət ,düşmənçilik yaradanlar kimi insanların xatirində qalmaqdan çəkinin! Düşünün, cənablar, düşünün! Allah xatirinə, yazılmış və yazılmamış qanunlar xatirinə".