Artıq neçə illərdir ki, ölkənin müxalifət mətbuatı müxtəlif təzyiqlər və basqılar altında fəaliyyət göstərir. Bu basqılar və təzyiqlər Elmar Hüseynovun güllələnməsi, professor Novruzəli Məmmədovun həbsxanada öldürülməsi və çoxlu sayda jurnalistlərin həbsi ilə muşayət olundu. Hazırda da həbsxanalarda kifayət qədər jurnalistlər var.
Təssüflər olsun ki, bəzən həbs olunan jurnalistlərə münasibətdə də ayrı-seçkiliyə yol verilir. Bir neçə ay bundan əvvəl həbs olunmuş "İslam-Azeri” saytının baş redaktoru Ramin Bayramovun qondarma ittihamlarla həbs olunmasına hüquq müdafiəçiləri və redaktorlar demək olar ki, heç bir reaksiya göstərmirlər.
Bu mövzu ilə bağlı "FaktXeber"-ə açıqlama verən "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və RATİ-nin əməkdaşı İdrak Abbasov müxtəlif fikirlər səsləndiriblər.
Ramin Bayramova digər jurnalistlərlə müqayisədə ayrı-seçkiliyin qoyulduğunu söyləyən Qənimət Zahid, bunun obyektiv və subyektiv səbəbləri olduğunu bildirib: "Məsələnin subyektiv tərəflərini kifayət qədər mühakimə eləmək olar. Başa düşürəm ki, bu məsələ ictimai bir məsələdir və cəmiyyətin reaksiyası olmalıdır. Lakin hesab edirəm ki, bu münasibət əksər vaxtlarda obyektiv səbəblərdən meydana gəlir. Hansısa bir mərkəz, həbs olunan şəxsə yaxın bir çevrə və həbs olunan şəxsə daha yaxın olan adamlar bu kampaniyanın uğurlu startını verməlidirlər. Eynulla Fətullayev həbs olunanda onun redaksiyası birbaşa olaraq cəmiyyəti rahat buraxmadı. Onun müdafiə kampaniyası kollektivdən start götürdü. Eyni zamanda mən həbs olunanda, "Azadlıq” qəzetinin kollektivi faktiki olaraq müdafiə komitəsinə çevrildi və bu məsələni həm yerli, həm də ki, beynəlxalq ictimaiyyətin nəzərindən düşməyə qoymadı. Həmçinin Əvəz Zeynallının həbsində də eyni tendensiya müşahidə olunur. Bütün hallarda belədir və belə də olacaq. Bu məsələ bəzi hallarda anormal sayıla bilər. Amma mənə elə gəlir ki, o qədər də anormal deyil. Sadəcə olaraq, problemin içində olan kollektiv və yaxın çevrə uğurlu start verməlidirlər və bu heç zaman da gec deyil. Son olaraq bunu deyərdim ki, bu problemi davamlı olaraq aktuallıqdan düşməyə qoymayan bir mərkəz yardılmalıdır.
İdrak Abbasov: "Əməkdaşlıq elədiyim Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Ramin Bayramovla bağlı məlumat toplayaraq müvafiq beynəlxalq qurumları məlumatlandırıb. Eynulla Fətullayevin və Əvəz Zeynallının həbsinə gəldikdə isə, bu məsələdə situasiya fərqliliyinin olduğunu görərik. Belə ki, adını çəkdiyimiz iki redaktorun nəşr etdiyi qəzetin oxucu kütləsi ilə Ramin Bayramovun oxucu kütləsi arasında müəyyən qədər fərqlər var. Eyni halda, bu şəxslərin əhatə elədikləri dairələr də fərqlidir. Əlbəttə çox təəssüfləndirici haldır ki, hər hansı bir jurnalist öz fəaliyyətinə görə qondarma ittihamlarla həbs olunsun və həbsdə olduğu müddətdə hüquq müdafiə təşkilatları və beynəlxalq qurumlar tərəfindən müdafiəsi təşkil edilməsin. Bu məsələ hazırda ciddi narahatçılıq doğurur. Son olaraq qeyd edim ki, Ramin Bayramovun həbsi ictimailəşdirilib beynəlxalq səviyyədə müdafiəsi təşkil olunmalıdır.”