Talışlar sosial şəbəkələrdə
Bu yaxın vaxtlara qədər elə bilirdim ki, mən talış xalqının oğluyam. Və qeyri-millətdən olan tanış-bilişlərim də elə bilirdilər. Amma dövlət müşaviri K.Abdullanın bir neçə çıxışından sonra məlum oldu ki, mən daha talış XALQININ oğlu yox, talış MƏDƏNİ İCMASININ üzvüyəm.
Bir az tədqiqat aparandan sonra nəticə çıxartdım ki, bu İCMA sözü DİASPOR sözünün Azərbaycan ŞƏRAİTİNƏ UYĞUNLAŞDIRILMIŞ variantıdır. Yəni mənim bir diaspor üzvü kimi Vətənim olan Azərbaycanda yəhudi, erməni və ya rus icma üzvlərindən statusuma görə heç bir fərqim yoxdur. Miliyyətcə talış olan bir fərd kimi Azərbaycan Respublikasından və İran İslam Respublikasından savayı hər yerdə icmam ola bilər və faktik olaraq Rusiyada, Belarusda, Baltikyanı məmləkətlərdə və s. onlar mövcuddur. Necə ki, oralarda azərbaycanlıların da icmaları müvəffəqiyyətlə fəaliyyət göstərir.
Bəs Azərbaycanda və ondan kənarda bu mədəni icmaların fərqi nədir? Qürbətdə də icma, Azərbaycanda da icma?
İnsan doğulub boya-başa çatdığı, qanı-canı hesabına əsrlərlə düşmənlərdən qoruyub saxladığı YURDUNDA necə İCMA ÜZVÜ ola bilər?
Belə görünür ki, hakimiyyət "Azərbaycan xalqları" ifadəsini rəsmi leksikona buraxmağı hələlik lazım bilmir. (Yeri gəlmişkən, Azərbaycanın demokratiyasının intibah dövründə (1988-92-ci illər) bu ifadəyə "pasport" verilmişdi)
Amma insafən razılaşın ki, İCMA statusunun Azərbaycanın köklü xalqlarına, o cümlədən mənim mənsub olduğum talış XALQINA aid edilməsi həm elmi, həm siyasi, həm də məntiqi cəhətdən yanlışdır.
Cappar ƏLİYEV
Facebook.com