Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verdi.
Meydan boşdur. Buyursunlar, boşboğaz siyasətçilər fürsəti fotə verməyib zəbt etsinlər meydanı! Belə vacib bir məqamda, başda Rüstəm İbrahimbəyov olmaqla ziyalılar önə düşüb ölkənin siyasi və mənəvi dirçəlişini təmin edəcək YOLu, ÇARƏni göstərmək istəyirdilər. Siyasilər, daha doğrusu siyasətbazlar razı olmadılar: "YOL NƏDİ, ÇARƏ NƏDİ?" - deyə, iki ayaqlarını bir başmağa pərçimləyib həşir qopardılar.
Ziyalı kəslər xalqın zəkasının, iradəsinin, ruhunun güc mərkəzi olmağa cəhdlər etdi, bütün varlığıyla cəmiyyəti total satqınlıq və dəllallıq virusundan xilas etməyə çalışdı. Siyasəti oyuncağa çevirmiş həmin naşılar isə daş atıb başlarını tutdular: "OLMAZ, OLMAZ!- dedilər. - HƏR ŞEYİN ZAMANA EHTİYACI VAR! GEDİN, GEDİN ÖZ İŞİNİZLƏ MƏŞĞUL OLUN!”
Başda Rüstəm İbrahimbəyov olmaqla, neçə-neçə ziyalı bəndə bir ovuc ədəbazların xalqın üzərində apardığı siyasi, iqtisadi, psixoloji və mənəvi zorakılığı durdurub, qarşısına sədd çəkməyə can atdılar; hamını müqavimətə və xofdan qurtularaq aktiv mübarizəyə səslədilər. Yalan və korrupsiya adlı dəhşətli mərəzin metastaz verdiyini, millətin mütərəqqi düşüncəli kəsiminin manqurtlaşdığını deyib, fəryad qopardılar. Amma təəssüflər ki, rəhbəri avtoritetdən, demaqogiyanı vətənpərvərlikdən, süarı proqramdan, komformizmi mövqedən, azadlığı özbaşınalıqdan, populizmi ideologiyadan seçib ayıra bilməyən və "siyasi proses” adlı aysberqin görünməyən qatlarında nələrin baş verdiyinin fərqinə varmayan "siyasi liderlər” az qala xorla qışqırdılar: "SİZLİK DEYİL!.. YOX,YOX, BU SİYASƏTDİ! –dedilər - MANE OLMAYIN, QARIŞMAYIN BİZİM İŞİMİZƏ!!!”
Bu gün mən zərrə qədər də olsa şübhə etmirəm ki, ölkədə hökm sürən vətəndaş ətalətinin, kütləvi xof və passivliyin, eləcə də siyasi nihilizm və simasızlığın əsas baiskarları sırasında, mövcud rejim sahiblərilə yanaşı, bəzi müştəbeh müxalif liderləri də vardır.
Milli Şura. Belə çətinliklə yaratdığımız və nəyin bahasına olursa-olsun, qoruyub hifz eləməyə çalışdığımız Milli Şura adlı müqavimət institutunun, ÜMİDİMİZİN bu sayaq çıxılmaz duruma düşməsi, sözün əsl mənasında, - nonsesdir. Və bunun günahı sədrlikdən, habelə fəxri sədrlikdən istefa verən Rüstəm İbrahimbəyovdan daha çox, onu bu istefaya məcbur və sövq edənlərdədir!..
Buyurun bəylər, bu meydan bu da... siz! Hələ bir 20 il də vaxtınız var!..
Eldəniz QULİYEV
26 dekabr 2013-cü il