Qara maskalılar Talışda növbəti əməliyyatını keçirib
Qara maskalılar Talışda növbəti dəfə əməliyyat keçiriblər. Sentyabrın 22-si gecə saat 1 radələrində Astaranın Ərçivan (Arçon) kəndində qara maskalıların əməliyyat keçirdiyi bildirilir. Hadisənin şahidi olan Xalid Məmmədovun "Azadlıq" radiosuna verdiyi məlumata görə, avtomatlı qara maskalılar kənd sakini Zərifə Əliyevanın evinə giriblər: «Mən də orda idim. 5-6 nəfər qara maskalı adamlar əllərində avtomat pəncərəni sındırıb evə girdilər və iki əmioğlunu, Farizlə Aslanı apardılar. Bundan sonra biz onların azad olunması tələbilə polis idarəsinin qabağına getdik. Gecə saat 3-ə qədər proses davam etdi. Saat 4-də polis rəisi Rəşid Səfərov gəldi. Sonra onlar azad olundu. Məlum oldu ki, əməliyyat keçirənlər həmin şəxsləri səhvən tutublar. Onlar başqa bir adamı tutmalıymışlar, səhvən qonşuya giriblər. Amma əməliyyat zamanı saxlanan Babək adlı kənd sakini hələ buraxılmayıb».
Astara rayon Polis İdarəsindən deyiblər ki, bu məsələ onların səlahiyyətinə aid olmadığından hər hansı məlumat verə bilməzlər. Əhali arasında belə bir əməliyyatın keçirilməsi İrandan Ərçivan kəndinə 16 kiloqram narkotik daxil olması barədə məlumatlarla izah edilir.
Sentyabrın 21-dən 22-nə keçən gecə narkotikə qarşı Lankonda da əməliyyat keçirilib. Əməliyyat zamanı 16 nəfərin saxlandığı bildirilir.
Məlumdur ki, Əliyev rejimi Talış regionunda əhalini qorxu altinda saxlamaq üçün mütəmadi olaraq bele reydlərin keçirməsi təcrübəsinə malikdir.