«Onlar pauza götürüblər, bu üç dövlət ilin sonuna kimi Azad Ticarət Zonasına qoşulacaq»
"Azərbaycan, Özbəkistan və Türkmənistan Azad Ticarət Zonası haqqında sazişə ona görə qoşulmayıblar ki, onları Rusiyadan ixrac olunan əsas mallarla bağlı rüsumların saxlanması haqda çıxarışlar qane etməyib”. "RIA-Novosti”nin xəbərinə görə, bunu Rusiyanın baş naziri Vladimir Putin bildirib.
Onun sözlərinə görə, MDB üzvü olan ölkələrin hökumət başçılarının Sankt-Peterburqda keçirilən görüşündə Azərbaycan, Özbəkistan və Türkmənistandan savayı digər MDB ölkələri Azad Ticarət Zonası haqqında sazişə imza atıblar.
"Rusiya enerji daşıyıcıları, metal və digər mallara yüksək ixrac rüsumlarının saxlanılmasında israr edib. Bu mallar sazişə qoşulmuş dövlətlər üçün ciddi fiskal maraq kəsb edir. Çünki biz məhz onların sayəsində büdcəni yetərincə doldururuq”, - deyə V.Putin qeyd edib.
Baş nazir əlavə edib ki, Azərbaycan, Özbəkistan və Türkmənistanın sazişin gömrük tənzimlənməsi tədbirlərinə dair müəyyən şübhələri var. Bununla belə, Putin ümidvar olduğunu bildirib ki, bu üç dövlət ilin sonuna kimi Azad Ticarət Zonasına qoşula bilər: "Hesab edirəm ki, onlar pauza götürüblər, amma iqtisadi maraqlar və müəyyən təhlil ona gətirib çıxaracaq ki, bu dövlətlərdən bəziləri cari ilin sonuna kimi Azad Ticarət Zonasına qoşulacaqlar”.