Ədəbi-elmi ictimaiyyətə ağır itki üz verib: tanınmış alim, yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev ömrünün 69-cu ilində vəfat edib.
Dostlarından bir qrupunun fevralın 17-də yaydığı nekroloqda deyilir:
"Zeydulla Ağayev 1945-ci il martın 2-də Masallı rayonunda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin institutda başlayıb, "Bilik” qəzetinin redaktoru olub.
Zeydulla Ağayev həm öz orijinal nəsr əsərləri, həm də ingilis dilindən etdiyi tərcümələri ilə tanınıb. Azərbaycan oxucusu onun tərcüməsində Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey və başqalarının roman, povest və hekayələri ilə tanış olub. Zeydulla Ağayevin 1990-cı ildə nəşr etdirdiyi müasir Amerika yazıçısı Artur Heylinin "Aeroport” romanı milli ədəbiyyatımız tarixində birbaşa ingilis dilindən tərcümə edilmiş ilk romandır.
O həm də "Müasir Azərbaycan nəsri”ni ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından biri idi. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis dilinə çevirib və çap etdirib.
Zeydulla Ağayev bir sıra nəsr kitablarının da müəllifidir: "Məhəbbət nəğməsi”, "Beş günün intizarı”, "Yenilməzlik”, "Dünyanın düz vaxtı”...
O, Azərbaycan-ABŞ əlaqələrinin ardıcıl tədqiqatçılarından idi.
Zeydulla Ağayev Azərbaycan Dövlət Dillər Universitetində elmi işlər üzrə prorektor, ədəbiyyat tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. 1980-ci ildə namizədlik, 1997-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, bir monoqrafiya, 70-ə yaxın elmi, yüzdən çox publisistik məqalənin müəllifidir.
Tanınmış ziyalı, alim, istedadlı yazıçı və tərcüməçi Zeydulla Abdulla oğlu Ağayevin unudulmaz xatirəsi onun tanıyanların qəlbində daim yaşayacaq."
Zeydulla Ağayevin tələbələrdən biri olan İlqar Rzayev professorun ölümü ilə bağlı özünün face səhifəsində belə bir status yazıb:
"Hakimiyyətin haqsızlığı daha bir dahini əlimizdən aldı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, həm də millət vəkili olan Səməd Seyidov ömrünü Azərbaycan elminə həsr etmiş, istedadlı alim, gözəl insan, tələbələri üçün bir müəllimdən çox qayğıkeş ata olan, əvəzsiz şəxsiyyət Zeydulla AĞAYEVİ uydurma ittihamlarla şərləyərək işdən qovmuş, üstəlik, professorun ADU-da çalışan xanımı və qızının da işinə son vermək rəzilliyindən çəkinməmişdi. Bütün bu haqsızlıqlara professorun həlim ürəyi dözmədi...
Səməd Seyidovdan qat-qat savadlı yüzlərlə alim yetişdirmiş, saysız əsərlər ərsəyə gətirmiş beyni bu rəzilliyə tab gətirmədi... Zeydulla müəllim insult keçirtdi... Və nəhayət cismən bizi tərk etdi. Cismən deyirəm çünki əziz müəllimimiz mənən Azərbaycan var olduqca, yetişdirdiyi alımlər yaratdıqca, insanlar yazdığı əsərlərdən bəhrələndikcə, yer üzündə S.Seyidov kimi rəzillər olduqca onların acığına yaşayacaq!
YAŞASIN ZEYDULLA AĞAYEV!!!"
Allah rəhmət eləsin!