Главная » 2011»Декабрь»1 » "Palmali" Şirkətlər Qrupu "Muğan" tankerinin suya endirmə mərasimi keçirilib
22:28
"Palmali" Şirkətlər Qrupu "Muğan" tankerinin suya endirmə mərasimi keçirilib
Türkiyənin "Beşiktaş" gəmiqayırma tərsanəsində "Palmali" Şirkətlər Qrupunun Armada tipli tankerlərdən beşincisi olan "Muğan" tankerinin suya endirmə mərasimi keçirilib.
"Palmali" Şirkətinin Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən verdiyi məlumata görə, gəminin təntənəli suya salınması mərasimində "Palmali”nin vitse-prezidenti Maarif Mənsimov və "Beşiktaş” gəmiqayırma zavodunun rəhbərliyi iştirak ediblər.
"Palmali”nin beynəlxalq tələblərə tam cavab verən yeni RST22M layihəli "Muğan” tankerinin uzunluğu 140, eni 16, hündürlüyü isə 6 metrdir. Gəminin ümumi yükdaşıma gücü 7 min tondur. Tanker xam neft və benzin, o cümlədən neft məhsullarının daşınması üçün nəzərdə tutulub.
"Yeni Armada” tipli gəmiyə "Gko Layihə” simvol sinfindən əlavə nişan verilib. Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri və Rusiya Dəniz Gəmiçilik Reyestri sinifli əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.
Xatırladaq ki, "Palmali” Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzəsində yüklərin daşınması üzrə ixtisaslaşıb. "Palmali” Rusiyanın cənub hissəsindəki çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olan iri şirkətdir. "Palmali” Şirkətlər Qrupu "Beşiktaş” tərsanəsinə ümumi məbləği 200 milyon dollar olan 15 "Armada” tipli tanker sifariş edib.