Главная » 2011»Май»29 » Novruzəli Məmmədovun hüquqlarını müdafiə (reabilitasiya) Komitəsinin müraciəti
15:58
Novruzəli Məmmədovun hüquqlarını müdafiə (reabilitasiya) Komitəsinin müraciəti
Azərbaycan Respublikası CM-nin 274-cü ("Dövlətə xəyanət”) maddəsi ilə məhkum olunmuş və həbsxana xəstəxanasında şəhid olmuş Respublika Talış Mədəniyyət Mərkəzinin (RTMM) rəhbəri və "Tolışi Sədo” ("Talışın Səsi”) qəzetinin baş redaktoru prof. Novruzəli Məmmədovun hüquqlarını müdafiə (reabilitasiya) Komitəsi jurnalist Eynulla Fətullayevin azadlığa çıxması münasibətilə jurnalistə xitabən müraciət yaymışdır. Muraciətdə deyilir:
Prof. Novruzəli Məmmədovun yaşadığı acı taleyinin təkrarından qurtulmuş cənab Eynulla Fətullayevə
Cənab Eynulla Fətullayev!
Sizin 4 illik zindan əzab-əziyyətlərindən qurtulmağınız bizi xeyli sevindirdi. Hərçənd ki, bu sevincimiz yaşadığımız acı və ağır bir günlə– Novruzəli Məmmədovun ikinci və son oğlu Emil Məmmədovun vəfatının 40-cı günü mərasimi ilə üst-üstə düşdü.
Həbsdə olduğunuz bu 4 il ərzində çəkdiyiniz bütün haqsız zülm və iztirabları ürək ağrısıyla izləmiş və bunun daha faciəvi nəticələnə biləcəyindən qorxurduq. Bu qorxumuz da təsadüfi olmayıb, bilavasitə N.Məmmədovun özünün və ailəsinin yaşadığı faciə ilə bağlı idi. Bu məktubu da Sizə Komitəmiz və N.Məmmədovun həyat yoldaşı adından göndəririk. Artıq N.Məmmədov və ailəsi yoxdur. Onlar məhv edilmişdir. Məhz Sizin və ailənizin də gözlənilə bilən belə bir faciəvi həyatdan qurtula bildiyinizə görə sevinir və Allaha dua edirik ki Sizi sonra da qorusun.
Geniş Azərbaycan ictimaiyyətindən fərqli olaraq, prof.N.Məmmədovun haqsız olaraq həbs edildiyi ilk gündən bu günədək, o cümlədən, azadlığa çıxdığınız ilk gündəki müsahibənizdə də onu inadla müdafiə etdiyinizə ğörə Sizə dərin minnətdarlığımızı bildiririk.
Əminik ki, yaxın gələcəkdə nəşrini bərpa edəcəyiniz "Realnıy Azərbaycan” qəzetinin səhifələrində bu mövzuya bir daha geniş yer verməklə Azərbaycan ictimaiyyətinə prof.N.Məmmədovla bağlı bütün həqiqətləri çatdıracaqsınız.