Bu il yaz fəsli Azərbaycana martın 20-də səhər saat 05:14-də daxil olur.
Novruz sözü talış dilində "nu" və "ruj" sözlərinin birləşməsindən yaranıb, mənası "yeni gün" deməkdir. Bayramın Talışda, o cümlədən Azərbaycan məkanında qeyd edilməsinin 6 min illik tarixi var.
Yaz bayramı yeni ilin ilk günü kimi martın 20-21-nə təsadüf edir və bu bayram Köhnə dünyanın (yəni Asiya qitəsinin) ən qədim bayramıdır.
Bayramın qışdan yaza keçiddə qeyd olunması torpağın oyanması, məhsul verməyə hazır olması, həm də, məcazi mənada dirilmə anlamına gəlir. Səməni yaşıllığı ilə həyatın canlanması və əbədiliyini ifadə edir. Yumurta Yer kürəsinin özüdür, yəni, möcud dünyamızın mini maketidir. Yazın gəlişinə qədər qeyd edilən çərşənbələr insan yaradılışının tərkib hissələrinə aiddir. Əski düşüncələrə görə, insanın yaradılış tərkibinə hava, od, su, torpaq daxil olub. Bu çərşənbələrin sonuncusu - ilaxır çərşənbə həm də köhnə ilin yola salınmasıdır. Bu bayramla bütün yer kürəsində iki bərabərlikdən biri olan yaz bərabərliyi başa çatır, günlərin uzanması, gecələrin qısalması mövsümü başlayır.
İnsanlar əbədi gecə-gündüz əvəzlənməsinə yazın gəlişi, gündüzlərin uzanması Xeyirin Şərə qalib gəlməsinin təcəssümü kimi baxıblar. Tonqal üstündən tullanmaq adəti isə mənfi və pis olan hər şeyin bu odda yandırılması, köhnə ildə qalması, yeni ilə keçməməsi anlamına gəlir.
Novruzu qeyd edən xalqlar küsməyi, dava-dalaşı, incikliyi Şərin əməli sayaraq yaz bayramındakı barışların özünü belə məhz Xeyrin Şər üzərində qələbəsinin nəticəsi sayırdılar.
Axır çərşənbədə qadınlar qulaq falına çıxır, su ilə dolu fincanda bəxt məsələsinə baxır və s.
Yaz bayramı ilə bağlı hazırlanan süfrənin ilkin bəzəyi səməni, su, buğda, çörək, yumurta, qoz-fındıq, quru meyvələr olub, şəkərbura və paxlava, demək olar ki, hazırda yaz bayramı süfrəsinin rəmzlərinə çevrilib.
TALISH.ORG-un redaksiya kollektivi xalqımızı, o cümlədən Novruzu qeyd edən hər bir şəxsi bayram münasibətilə təbrik edir, bu Novruzla xalqımızın istək və arzuların realizə olunmasında yeni nəfəs gələcəyinə Allahdan ümid edir.
NUƏ RUJON MUBARƏK, ƏZİZƏ TOLIŞON!
|