Şeirlər
***
Bir gün
zənginə--
birtəhər özümü toplayıb -
“bitdi”deyəcəyəm.
Ya da,
evdən kimsə
telefonumu götürüb -
“getdi” - deyəcək.
Hələ ki, sağam,
ağlım əfv etməz səni.
Ölsəm,
bil ki,
ürəyim bağışlayıb səni--
ömrüm kimi.
***
Biz
daş dövründə yaşamırıq.
Və
ibtidai-icma sərbəstliyi
Azadlıq deyil.
Genimizdəmi qalıb
bu sərbəstlik,
bu azad lığ?
Azadlıq
heç “az adlıq” da deyil.
Mən “tək ad” vurğunuyam,
çərçivə adamıyam,
ölçü tərəfdarıyam.
Çərçivə “çər”,
ölçü “öl” sözü ilə
başlasa da..
***
Biz qoşa qalxmadıq bu dağı, birgə.
Onunçün, bəlkə,
Mən sağa deyirəm,
sola gedirsən.
Bir mənim dediyim acıdı sənə,
maşallah, hamıyla yola gedirsən.
Get, get, sənə yaxşı yol!
Hamının etdiyin etmirəm,
mən yalquzağam.
Hamı olan yerdən
uzağam.
Hamının geydiyin geyə bilmirəm.
Hamının dediyin deyə bilmirəm
Hamının sevdiyin sevə bilmirəm.
Sən gey,
de,
sev,
et!
Get, get, sənə yaxşı yol!
Amma,
sanma,
bir də gərdiş olar,
bu sonuncu gediş olar.
Arxayın ol,
daha despot deyiləm.
Etmirəm sənə diktə.
Nöqtə.
***
Bu qış gec gəldi,
payız uzandı.
Əldən düşüb yaşamaqdansa,
ölmək daha rahat olardı.
Bir də,
Gözəl tabut ola...
Üstünə də
can qıydığının
al yaylığı örtülə...
Ölmək daha rahat olardı.
Keçmə də,
bu müsəlmanın
beş arşın bezindən...
Soyuq,
nəm...
Paltarla basdırılmaq
daha rahat olardı...
Yaxşı ki, payızda
yağışlar yağır.
Son dəfə aldanır insan:
“Yəqin qəbrim üstə
yarım ağlayır”.
Payışda ölmək
daha rahat olardı...
***
Bu zəng
öldürdüyün ümidlərimə ehsanmı?
Ya
“babamı öldürdüm ki,
Goruna and içim”.
Bəs nədən
güllə səsini deyil,
ürək döyüntülərini xatırladır?
***
Deyəsən anlamırsan...
Bir az çətin adamam.
Kimə sərt görünürəm,
kimə mətin adamam.
Səncə xırdaçıyam -
tək mən beləyəm.
Məncə diqqətliyəm -
hər fikrə,
əmələ...
Hələ
salamdan sonra “əleyk”,
astardan sonra “üz” gəldiyini də bilirəm.
Gülmürəm,
acıyıram,
Budaq üstə oturub
budağı kəsən,
Yıxılanda,
mənə Allah deyən
binəvaya.
Görürəm,
yaradılıb bəşər—şər.
Deyil gördüyün hər nəfər—fər.
Qaya atılmaq,
ilan çalmaq üçün
yaradılmasa da...
***
Əlini boş qaytardığıma
incimə,
dilənçi qardaş.
Müəlliməm.
Xalqın,
ovucunu sevindirdiyi
üç günlük
niyazı qədərdir,
bir aylıq alın tərimə
dövlətin verdiyi dəyər.
* * *
Qərarın mübarək
əhdin mübarək!
Qanla günah yuyularmış,
cəhdin mübarək!
Qulluğunda hazıram.
Rahlamışam sinəmi,
al, çimdir ürəyimi.
Amma,
nədən yuyursan?
Qarışar
bulanıq
əllərinin yuxusu.
Yazıq deyilmi onlar?
Apar tulla
biryolluq
bu nimdaş,
bu cındır ürəyimi.
* * *
Mühafizəkardı
bu şəhər əhli.
Küçələr bom-boş...
Görməzsən yanaşı
iki sevgili.
İstisna idik
biz ikimiz,
Verib əl-ələ,
könül-könülə,
gəzirdik,
süzürdük,
uçurduq,
Bu şəhərin
küçələrində.
Bir idi
ritmı, ahəngi
addımlarımızın,
qəlblərimizin.
Yolboyu ağaclar da
bığaltı qımışırdı.
Şütüyən maşınların əyləc səsləri
eşqimizə nəğmə qoşurdu...
...du, ... du, ...du.
oldu—öldü.
Öldümü?
* * *
Yu günahlarını—
Oruc tut, namaz qıl,
pirləri yad et.
Sən ol behiştlik.
Sil könlündən,
yaddaşından,
nımdaş xatirələri.
Unut!
Arzusuz öpüş kimi,
uğursuz görüş kimi.
Görmə yuxularda da.
Yerim cəhənnəmin
qır qazanıdı.
Nə xoş,
nə yaxşı.
Məcnun da ordadı,
Leyli də orda..
Kərəm də ordadı,
Əsli də orda.
Misir əzizinin arvadı idi,
Züleyxa Yusifi sevdi—xəyanət.
Sevdi cəhənnəm.
Bu dünya cəhənnəm olandan bəri,
elə könlümün də
çox dilədiyı
evdi cəhənnəm.
Kim bilir,
bəlkə də,
peyğəmbər
doğrudan deyib...
Kim bilir,
bəlkə də,
elə çıxdı çin —
“Fətə bərəkallah əhsən-ül Xaliqin”
azadliq.org
|