Eldəniz Quliyev: "Bizim seçimimizə Ziyalılar Forumun aparıcı üzvü Rüstəm İbrahimbəyovdan çox böyük dəstək gəldi."
Bu gün AİP lideri Mövsüm Səmədovun "İlin mənəviyyat adamı” seçilməsi ilə bağlı Ziyalılar Birliyi tərəfindən təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin tanınmış ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. İlkin olaraq çıxış edən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev 20 yanvar hadisəsi ilə bağlı bütün müsəlman dünyasına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdiyini bildirdi.
Heç bir azadlığın və istiqlaliyyətin qansız başa gəlmədiyini bildirən Eldəniz bəy, "20 yanvar hadisəsində biz bir daha gördük ki, ölkəmizin müstəqilliyini qanla qazandıq. Tamam başqa bir şeydir ki, müstəqilliyimizi oğurlayıblar. Təbii ki, bu hal müvəqqətidir və qısa zaman ərzində yenidən xalqımız öz haqqını geri qaytaracaq”, - deyə bildirdi: "Dəyərli və çox yüksək keyfiyyətlərə sahib olan Mövsüm Səmədov bu gün ondan asılı olmayan səbəblərdən aramızda deyil və tədbirdə iştirak edə bilmir. Lakin elə etməyə çalışdıq ki, o bizim aramızda olsun. Onun üçün Azərbaycan Ziyalılar Birliyinin Ali Şurası yekdil olaraq qərara gəldi ki, "İlin mənəviyyat adamı” mükafatına Mövsüm Səmədovu layiq görsün”, - deyə bildirdi: "Hətta bu məsələ ilə bağlı Ziyalılar Forumunun aparıcı üzvü Rüstəm İbrahimbəyovdan çox böyük dəstək gəldi. Rüstəm bəy bildirdi ki, siz çox düzgün addım ataraq belə bir iş görmüsüz. ”
Bundan sonra "İlin Mənəviyyatı adamı” mükfatı AİP-in sədr müavini Rövşən Əhmədliyə təqdim edildi ki, Mövsüm Səmədovun ailəsinə çatdırılsın.”