Aksiyada Azərbaycandakı vəziyyətdən də danışılıb, vicdan məhbuslarına azadlıq tələb olunub
Avqustun 2-də Moskvada "Moskva müsəlmanları” təşkilatının sədri Hacı Famil Cəfərovun rəhbərliyi altında "Qüds günü” ilə bağlı aksiya keçirilib. Aksiyaya Rusiyada fəaliyyətdə olan bir çox Azərbaycan təşkilatları, o cümlədən yeni yaranmış Milli Birlik Şurası qoşulub. Çıxış edən aksiya iştirakçıları - Fuad Fələstinli (Fələstin nümayəndəsi), Heydər Camal (Rusiyada İslam Komitəsinin sədri), Şamil Sultanov, Qabil Rzayev (Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri), Hacı Musa Qurbanov (Moskvada "Əhli-beyt”in sədri), Məmməd Quliyev ("Xalqın səsi”cəmiyyətinin sədri), İsmail Şabanov (Talış Diasporunun sədri) və başqaları dünyada baş verən bəşəri cinayətlərə etiraz etməyin vacibliyindən danışıblar.
Aksiyada Azərbaycanda baş verən ictimai hadisələr, insanların əqidəsinə, inamına qarşı olan hörmətsizliklər və basqılar da pislənib, inanclarına və siyasi fəallıqlarına görə həbs edilən gənclərin azad edilməsi tələbləri irəli sürülüb. Azərbaycan hakimiyyətinin dindən öz məqsədləri üçün istifadə edərək, ölkə əhalisini bir-birinə qarşı qoymaq siyasəti pislənilib.
Aksiya «Qüdsə azadlıq!», «İşğalçı İsrailə lənət olsun!» kimi şüarlarla sona çatıb.