Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan qəzetlər bağlanır. Artıq onlardan biri - "Paritet” qəzeti fəaliyyətini dayandırıb. "Azadlıq”a daxil olan məlumatlara görə, "Paritet”in qapanması hakimiyyətdəki Ramiz Mehdiyev əleyhdarlarının səyləri nəticəsində baş tutub. Bildirilir ki, PA rəhbərinin nəzarətində olan digər qəzetlər də bağlanacaq. Artıq onlar abunə siyahısından çıxarılıb. Növbəti il üçün birbaşa Ramiz Mehdiyevə yaxın qəzetlər hökumətin abunə siyahısına salınmayıb. Məlumat üçün deyək ki, hər il müxtəlif dövlət qurumlarına abunə siyahıları göndərilir və onlardan siyahıda adı keçən qəzetlərə abunə yazılmaq tələb olunur.
Məlumatlarda bildirilir ki, Ramiz Mehdiyevə yaxın qəzetlərin bağlanması onun mətbuat sahəsində zəiflədilməsinə bu rıçaqın əlindən çıxmasına hesablanıb. Ehtimal olunur ki, Ramiz Mehdiyevin nəzarətində olan qəzetlər qapadıldan sonra onun televiziyaları kurasiya etməsinə də son qoyulacaq. Görünür, Ramiz Mehdiyevin əlehydarları onun "vurulması” planından geri çəkilmək niyyətində deyillər və mübarizəni sona qədər aparmaqda israrlıdırlar. Məlumat üçün deyək ki, Ramiz Mehdiyevin "vurulmasında” Paşayevlər qrupu xüsusi maraq göstərir. PA rəhbərinə qarşı hücumlarda əsasən onların fəallıq göstərdiyi bildirilir. Onlar fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolarından sonra PA rəhbərinin mövqelərini kifayət qədər sarsıda biliblər. azadliq.info