Bu gün, 28 avqust 2015-ci il tarixi Azərbaycan Respublikasının və Talış xalqının görkəmli ictimai-siyasi xadimi, Hüquq Müdafiəçisi, "Tolışi sədo" qəzetinin Baş redaktoru, riyaziyyatçı alim Hilal Əlif oğlu Məmmədovun ad günüdür.
Hilal Məmmədov bütün mənalı həyatının əsas hissəsini mənsub olduğu Talış xalqının dilinin, mədəniyyətinin, ədəbiyyatının, tarixinin, folklorunun, adət-ənələrinin, eləcə də digər milli-mənəvi dəyərlər sisteminin bərpasına, hifz olunmasına və inkişafına həsr etmişdir. Talış xalqının ictimai həyatının yenidən şölələnməsində, insanlarda milliözünüdərk və milliözünüifadə hisslərinin aktivləşməsində doktor Hilal Məmmədovun xidmətləri əvəzolunmazdır!
Hilal Məmmədov, həmçinin ölkəmizdə ifadə etdikləri azad söz, ictimai fikir və hərəkətlərinə görə, dilindən, dinindən, siyasi iradəsindən asılı olmayaraq, vətəndaşlarımızın Azərbaycan Hakimiyyəti strukturları tərəfindən pozulmuş hüquq və azadlıqlarının bərpası naminə çəkinmədən, cəsarətlə mübarizə aparan prinssipial Hüquq Müdafiəçisi olmuşdur.
Məhz, bütün bu insani, ziyalı və əsil vətəndaşlıq keyfiyyətlərini özündə birləşdirdiyinə görə d-r Hilal Məmmədov bu günkü Azərbaycan iqtidarına "mane olmuş", xoşuna gəlməmişdir! Bu keyfiyyətlər onun tezliklə izola olunması barəsində ədalətsiz və qeyri qanuni addımlar atılmasına səbəb olmuşdur! Belə ki, böyük alim, ictimai-siyasi xadim, ziyalı, jurnalist, Hüquq Müdafiəçisi, mənsub olduğu xalqının dilinin, mədəniyyətinin, folklorunun və digər milli-mənəvi sərvətlərinin nadir bilici-tədqiqatçısı olan Hilal Məmmədov Azərbaycan Respublikası DİN-nin polis işçiləri tərəfindən küçədə amansızcasına döyülmüş və cibinə narkotik maddə qoyularaq həbs olunmuşdur.
Azərbaycan Respublikasının məhkəmələri sağlamlığı zəif, cılız bədənə malik alim-ziyalını amansız fiziki zorakılıqlar tətbiq etməklə, şərləyib həbs edən polis işçilərinin qeyri-qanuni əməllərini kəskin ittiham etmək əvəzinə, tarixi ədalətsizlik nümunəsi ifadə edərək, irəli sürülən ittihamların heç bir epizodunu belə, sübut etmədən, sifariş əsasında d-r Hilal Məmmədovu uzun müddətli həbsxana həyatına məhkum etmişdir...
Ölkəmizdə dilindən və dinindən asılı olmayaraq, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğunun fədakar təbliğatçısı, fundamental insan hüquq və azadlıqlarının alovlu müdafiəçisi Hilal Məmmədovun Azərbaycan məhkəmələri tərəfindən qeyri-qanuni olaraq uzunmüddətli həbsxana həyatına məhkum etməsi ölkəmizin demokratik, azad fikirli vətəndaşları, ictimai-siyasi təşkliatları, eləcə də, tərəqqipərvər dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq, qəti sürətdə pislənilmişdir!..
Talış xalqı isə, özünün ləyaqətli övladı d-r Hilal Məmmədova qarşı Azərbaycan məhkəmələri və hakimiyyəti tərəfindən tətbiq olunan bu ədalətsiz, qeyri-insani aksiyanı milli diskriminasiya aktı kimi dəyərləndirir və pisləyir!
Azadlıq carçısı d-r Hilal Məmmədova isə, sözümüz budur:
- Ad gününüz mübarəkdir, əziz, dəyərli və uca Hilal müəllim Məmmədov!
Qoy, Sizə qarşı amansızlıq etmiş hər bir zalım tezliklə uca Allahın bəlasına düçar olsun!
Allah qapılarını açsın, ey mənim xalqımın həmişəyanar RUŞNƏsi!
Mehdibəy SƏFƏROV