Главная » 2011»Май»17 » Masallını naxçıvanlı sinif yoldaşları idarə edir
23:35
Masallını naxçıvanlı sinif yoldaşları idarə edir
Masallının icra başçısı, prokuroru və polis rəisi Şərurdandır. Onlar sinif yoldaşıdırlar
RATİ-nin mətbuat mərkəzində Masallı Ziyalıları İctimai Birliyinin bir qrup təmsilçisi mətbuat konfransı keçirib. Konfransda Masallıdan olan ziyalılar rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən şikayətlənib.
Qurumun sədri Məmmədağa Eynullayev bildirib ki, Qəzənfər Ağayev rayona rəhbərlik etdiyi gündən ancaq özü üçün pul qazanmaqla məşğul olub. Onun sözlərinə görə, Masallının minlərlə torpaq sahələri icra başçısı tərəfindən satılıb, ya da özəlləşdirilib. Rayonda haqsızlığa etiraz edənlər isə həbs edilib, döyülüb.
Qəzənfər Ağayevin Masallıya can yandırmadığını deyən M. Eynullayev bildirib ki, 200 min əhalisi olan rayonu bir şəxsə qurban vermək doğru deyil: "Mən regionçuluğun əleyhinəyəm. Kimin qabiliyyəti varsa, işləməlidir. Amma bu doğru deyil ki, Masallının icra başçısı, prokuroru və polis rəisi Şərurdandır. Yenə Naxçıvanın başqa bölgələrindən olsaydılar etiraz etməzdik. Bunlar sinif yoldaşıdırlar. Polis rəisi icra başçısının sözündən çıxmır”.
Ölkə başçısına müraciət yolladıqlarını deyən masallılar həm də YAP üzvü olduqlarını bildiriblər: "Ancaq şikayətlərimizə baxan yoxdur. Bizim ayrı əlacımız yoxdur. Qəzənfər Ağayevə heç kəs heç nə demir. Əgər şikayətlərimizə baxmasalar, İctimai Palataya qoşulmaq qərarını verəcəyik. Ayrı yolumuz qalmır. Amma inanırıq ki, mətbuat vasitəsilə ölkə rəhbərliyi bu məsələdən xəbər tutacaq”.
Qeyd edək ki, yerli mənbələr mətbuat konfransı keçirənləri Masallıdan keçmiş deputat, hazırda isə Daşkəsənin icra başçısı olan Əhəd Abıyevin təsir dairəsindəki adamlar kimi xarakterizə edir. Rayonda Əhəd Abıyevlə Qəzənfər Ağayev arasında uzun müddətdən bəri ədavətin yaşandığı və bu adamların da həmin ədavətdə Əhəd Abıyev tərəfdən iştirak etdiyi geniş yayılmış məlumatdır.