Siz inansanız da, mən inanmıram!
ƏSSALAMUN - ƏLEYKUM, ey adəm övladları!
Salamlaşmağıma görə niyə qanınız qaraldı, ay canınıza daraşım? Heç olub ki, mən gündəmə yanlış xəbərlə gəlim?
Demişdim axı, mən sizdən mərd, ədalətli, insaflı olmaqla həm də həqiqəti çəkinmədən üz-üzə deməyi bacaran "Ditdili"yəm! Uzun müddət siz Adəm övladlarını sancmağımın səbəbi çox olsa da, əsası budur ki, "cırcırama baş ağrıdır, çax-çax işin görür". Yəni mən siz zavallıları nə qədər sancıb həqiqəti gözünüzə soxsam da, bu ədalətsiz Bazarbaycan hakimiyyətinin mahiyyəti dəyişmir ki, dəyişmir...
Deyirsiniz ki, hər kəs haqqını tələb etsin?
Ay canınıza daraşım, belə iş olar? Masallı rayonun Xanalion kənd sakini Nəsrullayeva Ğızəmani nənənin 85 yaşı var, amma rayon pensiya idarəsi on bir aydır ki, onun pensiyasını vermir.
Necə niyə? Oğlu Nəcəfəliyə deyiblər ki, anan ölüb. Nəcəfəli də eləməyib təmbəllik, anasını qoyub maşına aparıb pensiya satılan idarəyə. Müdür deyib ki, get kəndxudadan arayış al ki, həqiqətən Ğızəmani nənə ölü deyil, diridir...
İndi deyin görüm, bu Bazarbaycanda nə vaxtsa hüquqi dövlətin qurulacağına inanırsınız? Mən inanmıram!
DİTDİLİ - PERO