Rayonun Çayqıraq kəndinin sakinləri bildiriblər ki, iki il bundan əvvəl Masallı DSMF-nin sədr müavini İlqar Kərimov onlardan pensiya düzəltmək məqsədi ilə 2000-10000 manat civarında pul alıb. Ümumilikdə, kəndin 60 sakinindən alınan həmin pulun müqabilində vəd edilən pensiya işi isə hələ də düzəlməyib. Sonda Çayqıraq kəndinin sakinlər qəzəblənərək, Kərimovun yaşadığı Təzə Alvadı kəndindəki evinə gediblər. Lakin orada araya girən kənd sakinləri onları sakitləşdirə biliblər. DSMF sədrinin müavini də onlara söz verib ki, problemi çözəcək. Amma...
Verilən məlumatda qeyd olunur ki, ara sakitləşdikdən sonra Masallı DSMF-yə gələn Çayqıraq sakinləri verilən vədin yerinə yetirilib-yetirilmədiyin öyrənmək istəyiblər. Lakin Kərimov onların qarşısına çıxaraq, heç bir şəkildə köməklik göstərə bilməyəcəyini və aldığı pulları da Masallı DSMF-nin sədri Nahid Şəmşirova verdiyini deyib.
Bundan qəzəblənən kənd sakinləri etiraz aksiyası keçirməyə çalışıblar. Amma əraziyə çağırılmış polis əməkdaşlarının tələbindən sonra dağılışıblar. Ancaq Şəmşirov və Kərimova xəbər göndəriblər ki, pulları qaytarılmasa, davamlı aksiya keçirəcəklər.
Məlumatda deyilir ki, pensiya almaq üçün pul vermiş Çayqıraq kəndinin sakinləri arasında həqiqətən də xəstə olanlar, pensiya yaşı çatmışlar da var. Onlardan pensiya yaşına çatmayan, hətta pensiya hüququ olmayanların da varlığı qeyd edilir. Bildirilir ki, ortaya çıxmış sözügedən pul söhbəti də camaatın etibarından sui-istifadədir.
Masallı DSMF-nin sədri Nahid Şəmşirovla bağlı belə qalmaqallı vəziyyətlər çox yaranıb. Hətta bir dəfə Masallıdakı narazılar DSMF-nin binasını belə yandırmaq istəyiblər. Yazıda adı keçən İlqar Kərimova gəldikdə isə onun atası Mahşallah Kərimov uzun müddət Masallı rayon İcra Hakimiyyətində birinci müavin postunda çalışıb. Onun işdən çıxarılması isə maliyyə yeyintiləri ilə bağlı olub.
Məlumatı arqument.az saytı yayıb.
TALISH.ORG