Masallıda məmur özbaşınalığına qarşı aclıq aksiyası
Masallı rayonunun bir qrup sakini rayonda məmur özbaşınalığına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu haqda KİV-ə rayonda fəaliyyət göstərən "Ziyalılar Birliyi”nin sədri Məmmədağa Eynullayev bildirib.
Aksiya "hər evdə aclıq keçirək” devizilə dekabrın 18-də saat 15:00-da başlanıb.
Hazırda rayonun 7-8 kəndində 20-yə yaxın sakin aksiya keçirir və aksiya iştirakçılarının sayının artması gözlənilir. Rayonun hüquq-mühafizə orqanları aksiyanın qarşısını almaq üçün iştirakçılara, eləcə də "Ziyalılar Birliyi”nin rəhbərliyinə təzyiqə başlayıb. Belə ki, rayon polis şöbəsindən birliyin sədri M.Eynullayevə polisə gəlməsi tələb edilib. Aclıq aksiyası keçirən rayon sakini Hikmət Babayevi polisə aparmaq istəyirlər. M.Eynullayev deyib ki, rayon İcra Hakimiyyəti rayonun hüquq-mühafizə qurumlarına alksiyanın keçirilməsinin qarşısını almağı tapşırıb.
Aksiyanın keçirilməsinə səbəb rayonda məmur özbaşınalığının bütün hədləri aşması, icra başçısı Qəzənfər Ağayevin az qala rayonu "özəlləşdirməsi”, əsassız həbslər, yerli sahibkarların mülkiyyətlərinin əllərindən alınması, rayondakı özbaşınalıqlarla bağlı rayon ictimaiyyətinin şikayətlərinə ölkənin mərkəzi rəsmi qurumlarının laqeyd yanaşmasıdır (turan).