Onlar Qəzənfər Ağayevin qanunsuz əməllərinə görə cəzalandırılmasını tələb edirlər
Masallı Ziyalıları Ictimai Birliyi rayonun icra başçısı Qəzənfər Ağayevin (foto) qanunsuz əməllərinə qarşı mübarizəsini davam etdirir. Xatırladaq ki, avqustun 11-də birlik bu məqsədlə aclıq aksiyası keçirməyi planlaşdırırdı. Lakin Qəzənfər Ağayev polis gücünə aksiyanın qarşısını aldı.
Indi isə Masallı Ziyalıları Ictimai Birliyi yerli və beynəlxalq ictimaiyyətin diqqətini rayonda baş verənlərə yönəltmək üçün aktiv fəaliyyətə başlayıb. Bu barədə "Azadlıq”a birliyin sədri Məmmədağa Eynullayev məlumat verib. "Biz Azərbaycandakı nüfuzlu KIV-lərə və xarici ölkə səfirliklərinə müraciətlər ünvanlamışıq”, - deyə birlik sədri vurğulayıb. Onun sözlərinə görə, paralel olaraq dövlət başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər nazir Ramil Usubova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət olunub: "Biz tələb edirik ki, Qəzənfər Ağayevin fəaliyyəti ciddi araşdırılsın və o, qanunsuz əməllərinə görə cəzalandırılsın. Bu adam Masallını darmadağın edib, rayonda elə bir vəziyyət yaradıb ki, yerli camaat yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Rayona ayrılan dövlət vəsaitləri mənimsənilib, sahibkarlara qarşı təzyiqlər var. Rayonda demək olar ki, bütün sahələrdə çatışmazlıqlar mövcuddur. Qəzənfər Ağayev yalnız şəxsi kapitalını artırmaqla məşğuldur”.