Onlar Prezident Administrasiyasına toplaşıb İŞ başçısı Qəzənfər Ağayevdən şikayətləndilər
Masallının bir qrup sakini bu gün rayonun icra başçısı Qəzənfər Ağayevin istefası tələbi ilə Prezident Administrasiyasına (PA) şikayətə gəlmişdi. "Masallı ziyalıları” İctimai Birliyi adlı təşkilatın üzvləri Qəzənfər Ağayevin masallılara zülm verdiyini dedilər. Onlar rayonda insanların sosial yardım ala bilməməsinin səbəbini Qəzənfər Ağayevin yarıtmaz fəaliyyətində gördüklərini söylədilər. Buna görə də ölkə prezidentindən xahiş etdilər ki, prezident icra başçısını tutduğu vəzifəsindən azad edib onun yerinə başqa bir şəxsi təyin etsin.
PA-nın binası qarşısında toplaşan "Masalı ziyalıları” İB-nin üzvləri Q.Ağayevdən şikayətlərini belə ifadə etdilər: "Rayonun icra başçısı qanunsuz əməllərlə, Masallını talamaqla məşğuldur. İnsanlar icra başçısının özbaşınalığından zara gəlib. Səsimizi də eşidən yoxdur. Rayon camaatına səslənərək deyirik ki, hüquqlarını tələb etsinlər və heç kimdən çəkinməsinlər. Biz rayonda sosial yardım ala bilmirik. Təkcə bu da deyil. Masallıda sayı-hesabı olmayan problemlər var. Hamısını da Qəzənfər Ağayev yaradıb. Pullarımızı yeyirlər. Rayonda şikayət yazan şəxslərə təzyiq edirlər. Hətta rayon icra hakimiyyətində bizi qəbul edən də olmur. Şikayətimizi deməyə yer tapmırıq. Bu üzdən üzümüzü Prezident Administrasiyasına tutmuşuq. Biz istəyirik ki, prezidentimiz də Masallıdakı vəziyyətdən xəbərdar olsun. Bilirik ki, bizim dərdimizi prezidentə demirlər. Yoxsa ölkə başçısı bizim problemlərimizi həll edər, Qəzənfər Ağayevin qanunsuz əməllərinə son qoyar”.
Aidiyyəti qurumlara müraciət etdiklərini deyən narazı vətəndaşlar məktublarına heç bir müsbət cavab gəlmədiyini söylədilər: "Ölkə başçısı İlham Əliyevə, Milli Məclisinin sədri Oqtay Əsədova, Nazirlər Kabinetinin sədri Artur Rəsizadəyə, baş prokuror Zakir Qaralova, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etmişik. Lakin müraciətimiz araşdırılmır”.
Sonda vətəndaşlar PA-nın şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmək istəyib. PA işçiləri Z.Nağdəliyevin orada olmadığını bildirib və şikayətçiləri onun müavininin qəbul edəcəyini bildiriblər. Üstündən bir neçə saat keçsə də vətəndaşları heç kim qəbul etməyib.
Qeyd edək ki, bu, Masallı əhlinin icra başçısına qarşı ilk belə çıxışları deyil. Bir müddət öncə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçirən "Masallı ziyalıları” İB üzvləri Q.Ağayevin qanunsuz əməllərindən danışaraq onun rayon camaatına zülm etdiyini bildirmişdilər.
Masallı sakinlərinin Q.Ağayevə qarşı bu çıxışlarının arxasında Daşkəsənin icra başçısı, keçmiş deputat, əslən Masallıdan olan Əhəd Abıyevin dayandığı deyilir. Onlar özləri isə bunu qətiyyətlə təkzib edirlər: "Bizim Əhəd Abıyevlə hər hansı əlaqəmiz yoxdur".