Yaxud polis hansı təhlükə ilə qarşılaşdı ki, qəsəbənin içində odlu silahdan atəş açdı?
Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarında vətəndaşlar polis özbaşınalıqları ilə üzləşəndə cinayətkara çevrilmələri heç kimə sirr deyil.
Biz "Qanun naminə” qəzetinin 2011-ci ilin iyun ayının 09-10-cu sayında "Polis özbaşınalığı”, avqust ayının 13-14 sayında "Məktəb işğal edildi”, noyabr ayının 11-12 sayında "Əsrin üzəduranları”, habele internet-sosial şəbəkələrdə Masallı polisinin qanunsuz hərəkətləri barədə tənqidi yazılarla ictimaiyyəəti məlumatlandırmışdıq.
Yazılanlardan nəticə çıxartmaq əvəzinə, KİV-nə məlumat verdiyimiz kimi, Masallı polisi daha da qanunsuzluqlarını şiddətləndirməkdədir.
Bu dəfə heç də DYP-nin rayon şöbəsində və pasport masa şöbəsində baş alıb gedən qanun pozuntularından bəhs etmək fikrində deyiləm. Cəmiyətimiz şübhə etməsin ki, Masallı jurnalistləri nəinki rayonda hətta regionda, eləcə də ölkədə baş verən hadisələri izləməklə əhalini məlumatlandırmağı özünün vəzifə borcu hesab edir. Əfsuslar olsun ki, hər hansı məlumatı hüquq- mühafizə orqanlarından almaq elə də asan olmur. Hətta Masallı polis şöbəsinə kənardan baxanda, "Uzaq sahillərdə” kinosundakı "Cənab Şultsun” hərbi qərargahı xatırlanır. Kinoda olduğu kimi polis idarəsinin darvazasında əli avtomatlı serjant diqqəti çəkir.
Tarixin dəfn etdiyi SSRİ hakimiyyəti dövründə sovet vətəndaşları qürurla deyirdilər: "Mənim polisim, məni qoruyur”. Bəyənmədiyimiz o dövrlərdə Moskvada hər hansı bir qanun təsdiq olunan kimi, sutka ərzində həmin qanun ən ucqar kənddə də işlək olurdu. Azərbaycan müstəqil olndan bəri, ölkə sanki yazılmamış oğru qanunlarıla idarə olunur. Yüksək ranqlı məmurlarımızın silahlı-qoçu dəstələrinin olması da heç kimə sirr deyil. Bütün bu sadalanan qanunsuzluqlarla hüquq-mühafizə orqanlarının mübarizə aparmaması da əhalini narahat etməyə bilməz. Qanuna uyğun olaraq, hər hansı kütləvi ixtişaşın qarşısını almaq üçün, ilkin olaraq polis hərəkətə keçməlidir. Polisin gücü yetmədikdə, ərazinin polis rəisi yazılı raportla DİN-nə müraciət edir. DİN-i, Ali baş komandanın rəsmi razılığı ilə DQ hissələrinə yazılı əmr ünvanlayır ki, yalnız müstəsna hallarda odlu silahdan istifadə edilməlidir. Odlu silahdan istifadə edilməsi barədə yuxarı komandanlığa rəsmi hesabat verilməlidir. Lənkəranın "Nərimanabad-1” də balıqçılara qarşı çox amansızlıqla keçirilən qoşun hissələrinin keçirtdikləri "hərbi” əməliyyatlarda isə sözügedən qaydaların tam əksinin şahidi olduq.
Yazmaqla tükənməyən polis özbaşınalıqlarını diqqətdə saxlamaqla hörmətli vətəndaşlarımızı yormaq fikrində deyiləm. Mətləbə keçid alım. 20 aprel 2012-ci il tarixdə Masallı rayonunun İskəndərli qəsəbəsində polisin odlu silahdan qanunsuz olaraq istifadə etməsi rayon əhalisinin gündəmdə saxladığı aktual mövzudur.
Motivi heç kimə bəlli olmayan səbəblərdən, polis şöbəsinin əməliyyatçıları İskəndərli qəsəbə sakini İbrahim kişinin evinə basqın etmişlər. Rayon əhalisinin dediyinə görə, İbrahim kişinin oğlanları ilə polislər arasında mübahisə yarandığını eşidən qonşular da müdaxilə edib, polis işçilərini möhkəm döyüblər. Polislər fiziki zəifliyindən, odlu silahdan istifadə etmələri bildirilir. Gecənin ertəsi günü, polis işçiləri təkrarən hadisə yerinə gedib, məsrəf etdikləri güllələrin "gilzalarını” bir-bir yığdıqları da deyilir. Hazırda Masallı polisi bu barədə susmağa üstünlük versə də, tam "məxfi iş rejimində” işləməsi rayon ictimaiyyətinə məlumdur.
Deyilənlərə görə hadisənin səbəbkarları "məxfi " axtarışdadırlar.
Məlumatlı olanlardan xahiş olunur ki, bu barədə metleb.dadasov@mail.ru elektron ünvana müraciət etsinlər. Mətləb Dadaşov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü