Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbulunda rayon sakinlərindən biri damarını doğrayıb.
Bu barədə "Azadlıq”a qəbulda olan rayon sakinlərindən biri məlumat verib. Hadisənin dünən baş verdiyini deyən mənbənin sözlərinə görə, hər həftənin çərşənbə axşamı icra başçısının qəbul günüdür: "Ötən həftə qadın şikayətçi Rafil Hüseynovun qəbulundan çıxandan sonra icra hakimiyyətinin binasının içində üzərinə benzin tökdü.
Özünü yandırmaq istəyəndə qəbula gələn başqa şikayətçilərin köməyilə buna imkan verilmədi. Dünən bu qəbildən olan daha bir hadisə baş verdi. Xıl kəndinin sakini Nəsrəddin Əmirov icra başçısının qəbulunda oldu. Şikayəti sosial müavinətlərlə bağlı idi. Ona yardım edilmirdi. Deyirdi ki, idarə onunla 50 faiz prinsipilə işləmək istəyir. Yəni, 6 ayın sosial müavinətinin 3 ayını idarəyə qaytarmalıdır. O da bununla razılaşmadığı üçün başçının qəbuluna gəlib”.
Mənbənin sözlərinə görə, icra başçısının qəbulunda da Nəsrəddin Əmirovun müraciətinə müsbət cavab verilmədiyindən o, damarlarını doğrayıb: "Rafil Hüseynovun otağından çıxandan sonra bərk əsəbiləşmişdi, möhkəm danışırdı. Polislər onu ərazidən uzaqlaşdırmaq istəyəndə cibindən bıçağını çıxartdı. Özünü doğrayacağını söylədi. Polislər ona məhəl qoymadı, yaxınlaşmaq istəyəndə damarlarını doğradı”.
Mənbə onu da əlavə edib ki, icra başçısının görüşləri formal xarakter daşıyır: "Görüntü yaradırlar ki, guya, nəyisə həll edirlər. Ancaq görüşə gələn adamların heç bir problemi həll olunmur”.
Masallı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəsir Muxtarlı isə "Azadlıq”a açıqlamasında bildirib ki, icra hakimiyyətində intihar cəhdi haqda məlumat həqiqətə uyğun deyil: "Belə bir hadisə baş versəydi, xəbərimiz olardı. Bu məlumat dezinformasiyadır”.