«Xalqa güvənən Azərbaycan müxalifəti kütləvi aksiyalara hazırlaşır»
"Əliyevin varidatının dəyərini söyləmək çətindir”
Mərkəzi qərargahı Londonda yerləşən dünyanın aparıcı xəbər agentliyi "Reuters”in müxbiri Tomas Qrouv Azərbaycanla bağlı reportaj-məqalə hazırlayıb. Məqalədə Azərbaycandakı ictimai-siyasi vəziyyət, hakimiyyətin insan haqları və demokratik təsisatlara yönəlik sərt addımları, Ictimai Palatanın keçirdiyi etiraz aksiyaları və iyunun 19-na planlaşdırılan mitinqinə toxunulub. Tomas Qrouvun qələmə aldığı reportaj-məqaləni qısa ixtisarla təqdim edirik...
Ilham Əliyev Azərbaycana daxil olan milyardlarla neft gəlirlərindən kiçik bir hissəsini əmək haqları və sosial müavinətlərin artırılmasına yönəltdi. O, ərəb dünyasını bürümüş inqilab dalğasından ehtiyatlandığı və Azərbaycandakı narazı kütlənin də bundan ilhamlandığını bildiyi üçün belə bir addım atmalı oldu.
Ölkəyə külli miqdarda gəlirlər daxil olmasına baxmayaraq, əhali iqtisadi və siyasi islahatlar tələbilə mart-aprel aylarında küçələrə axışaraq etiraz aksiyaları keçirdi. 100-dən artıq müxalifət tərəfdarı həbs olundu. Kütləvi etirazlardan ehtiyatlanan Əliyev xərclərini artıraraq narazılıqdan yaranmış gərginliyi azaltmağa çalışdı.
Hüquq müdafiəçiləri hakimiyyəti dinc etiraz aksiyalarına sərt müdaxilə və həbs olunan müxalifət tərəfdarlarına qarşı zorakılıq hallarına görə tənqid edir. Hakimiyyət seçkilərin kütləvi saxtalaşdırılması və qanunun aliliyinin pozulmasına görə də ittiham olunur. Sülh və Demokratiya Institutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus Azərbaycanda insan haqlarının vəziyyətinin hər ötən il daha da pisləşdiyini söyləyir.
Paytaxt Bakıda çalışanların orta aylıq əməkhaqqı 300 manatdır. Bu isə bir ailənin normal dolanışığı üşün olduqca kiçik məbləğdir. Şəhər sakini Ağa Şıxlarov "biz çox, həddən artıq çox pis vəziyyətdə yaşayırıq” deyir. O, ölkə əhalisinin 3-də 1-nin əla, qalanlarının isə ağır sosial problemlər içərisində yaşadığını bildirib.
Əliyevin varidatının dəyərini söyləmək çətindir. Onun həyat yoldaşı Mehriban Əliyeva ölkənin ən güclü və varlı klanlarından birinin üzvüdür. "WikiLeaks” saytının yaydığı gizli diplomatik yazışmalar da bunu sübut etdi.
Xalqın ölkədəki narazılığına əsaslanan Azərbaycan müxalifəti iyunun ortalarında siyasi və iqtisadi islahatlar tələbiylə növbəti kütləvi mitinqin keçirilməsini planlaşdırır. Müxalifət liderlərindən biri Isa Qəmbər bildirdi ki, hökumət Ictimai Palatanın mitinqinin Bakının mərkəzində keçirilməsinə mane olmağa çalışır:”Hər kəs bilir ki, insanlar hazırkı hakimiyyətdən çox narazıdır. Əgər aksiyaların keçirilməsi üçün normal şərait yaradılsa, ən qısa zamanda mitinqlərə on minlərlə insan toplaşacaq”.
Azərbaycan vətəndaşları, hüquq müdafiəçiləri və ictimai fəallar korrupsiyanın ölkədə ən böyük problemlərdən biri olduğunu söyləyir. Ölkədəki varlı iş adamları birbaşa olaraq hakimiyyətə yaxın adamlardır. Onlar qazandıqları pullardan yuxarı dairələrə "haqq” ödəyirlər.
Bakı sakinlərindən biri bizimlə söhbətində bunları söylədi: "Biz Liviya, Tunis və Misir xalqının küçələrə axışaraq diktatorlara qarşı necə mübarizə apardıqlarının şahidi olduq. Biz də onlardan ilhamlanaraq küçələrə axışmaq niyyətindəyik. Çünki vətəndaşlarımız boğaza qədər çirkab içində yaşayır”.