«Prezident seçki öncəsi onlarla əleyhdarını həbsxanaya saldırıb»
«Hilal Məmmədov narkotik və milli ayrı-seçkilik salma ittihamlarıyla beş il azadlıqdan məhrum edilib»
Dünyaca nüfuzlu "Reuters” Azərbaycanda insanların siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalması, Ilham Əliyevin seçki öncəsi əleyhdarlarını həbsxanaya saldırmasından bəhs edən məqalə hazırlayıb. "Reuters”in məqaləsi bir xeyli media orqanında tirajlanıb.
Məqaləni təqdim edirik:
"Azərbaycanda prezident Ilham Əliyevin onlarla əleyhdarı seçki öncəsi həbs olunub. Nəticədə, bu keçmiş sovet ölkəsində siyasi məhbusların sayı iki dəfə artıb.
Insan Hüquqları Klubunun məlumatına görə, prezident seçkilərinə təxminən bir həftə qaldığı bir vaxtda bu ölkədə jurnalistlər, din xadimləri, hüquq müdafiəçiləri, ictimai-siyasi fəallardan ibarət ümumilikdə 142 nəfər siyasi motivlərlə həbsdədir.
Hələ yanvar ayında neftlə zəngin, 9 milyon əhalisi olan bu ölkədə siyasi məhbusların sayı 60 nəfər idi.
"Hakimiyyət seçki ərəfəsində bütün tənqidi səsləri və fərqli fikirləri boğmağa çalışır”, - deyə Insan Hüquqları Klubunun sədri Rəsul Cəfərov bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında bu ilin yanvarında Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul olunmayandan sonra Əliyev rəqiblərilə "haqq-hesab” çəkmək üçün daha da cəsarətləndi.
"AŞ PA üzvləri Azərbaycan hökumətini bu cür ciddi hüquq pozuntularından çəkindirmək üçün təcili addımlar atmalıdır. Hakimiyyətdən ölkədəki siyasi məhbusların azadlığa buraxılması tələb olunmalıdır”, - deyə təşkilatın məsləhətçi direktoru Rebekka Vinsent bildirib.
Cənubi Qafqazda yerləşən və müsəlman ölkəsi olan Azərbaycanda hakimiyyət isə insan hüquqları sahəsindəki pozuntularla bağlı ittihamları qəbul etmir. Hakimiyyət iddia edir ki, bu ölkədə vətəndaşlar demokratik azadlıqlardan tam yararlanır.
Insan Hüquqları Klubu ATƏT, eləcə də "Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığı təşkilatının Azərbaycanla bağlı narahatlığını da xatırladır. Bu təşkilatlar bazar ertəsi Azərbaycanda jurnalist və hüquq müdafiəçisi Hilal Məmmədovun azadlıqdan məhrum edilməsini pisləyən bəyanat yaymışdı. Hilal Məmmədov narkotik və milli ayrı-seçkilik salma ittihamlarıyla beş il azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları hakimiyyəti 2003-cü ildə atası Heydər Əliyevdən miras almış Ilham Əliyevi söz azadlığını və fərqli fikri boğduğuna görə tənqid edir.
Avropaya neft-qaz ixrac edən Azərbaycan strateji baxımdan Türkiyə, Rusiya və Iran arasında yerləşir və Amerika qoşunlarının Əfqanıstana göndərilməsində tranzit marşrut kimi əhəmiyyətli rolu var. Hüquq müdafiəçiləri bildirir ki, neft-qaz və strateji mövqe Qərbin Azərbaycan rəhbərliyinə qarşı tənqidlərini yumşaldır (Tərcümə Azadlıq Qəzetinindir).