Əli Nasir - dəvəsi ölmüş ərəb. Səhraları payi-piyada dolaşmaqdadır, yarını axtarmaqdadır. Nədir yarı? Azadlıq eşqi. Nə kompası var, nə də ki, azuqəsi. Lap kompası olsaydı da, onu vurub sındırardı. Deyərdi "bu nəyimə lazım, özümə nə gəlib ki?” Bu səbəbdən yorulmaq bilmədən, gecəli-gündüzlü səhraları dolaşmaqdadır.
Əli Nasir general olmaq istəyir. Qoy olsun, çox gözəl arzudur, istəməyənin gözü çıxsın... General olmaq istəməyən döyüşçü, döyüşçü deyil-deyiblər. Daha dəqiq desək Əli Nasir fədaidir, öz məsləkinin, ideyasının fədaisi.
Əli Nasir vuruşmaq istəyir. Hərbi gücü yox... Qıvrılıb qalır. Nahaq yerə, axı o gecə-gündüz döyüşdədir...Döyüşçüsü var. Bəzən coşur, var gücü ilə yumruğunu sıxır. Qolundakı şişmiş qan damarlarını göstərərək, möhkəm səslə " Bax burada nə qədər qan axırsa heç bir qüvvə məni öz yolumdan döndərə bilməz” deyir.
Sutkamız 24 saatdır. Amma Əli Nasir 25 saat həmin yoldadır. Çabalayır, ələk-vələkdədir, sakitliyi yoxdur! Bircə təsəllisi var- özündən asılı nə varsa , gücü çatanını görür və ya görməyə səy edir. Aludəçiliyə də burada yuvarlanır.Hələlik pusqudadır. Sürünə-sürünə gah ovuna yaxınlaşır, gah da uzaqlaşır. Ovunu yaxalamaq anı gəlib çatanda heç nə onu cilovlaya bilməz. Ölüm yatağında belə olsa.
İnanmıram sakitcə orada uzansın. Allahdan möhlət diləyər, cavabını gözləmədən döyüş meydanına cumar. Çünki şair təbiətlidir Əli Nasir! Gah coşar, gah da durğunlaşar. Allahın da xoşuna gələr. Rahatlıq və sağlamlığı ona bəxş edər..
Əli Nasir haqq yolundadır, haqq yolu allahın yoludur. Bəziləri də bu yolu qoruyub saxlamaq üçün yaradılıb.
Əli Nasir orta boylu, çəlimsiz, nəcim və həm də cazibədar baxışlı, qələm-çatma qaşlıdır. Sifətində bir nəciblik və simmetriya var. Qıyıq, qonur və bir az da ala görünən gözləri, Babək sayağı ağzı, burnu, qulağı, başı insana zövq verir, məftun edir. Gur, təmiz axarlı səsi zəhimlidir. Qurban olum Allahıma, onu əzizləyib, şairliyi də ona imtiyaz pay verib. Nə deyim, sanki rəssamlar Əli Nasirə baxıb, orta əsr şahzadələrinin rəsmlərini çəkiblər. Nə yaxşı.
Nitqi sərrast və səlisdir. Fikri aydın və məntiqlidir. Tribundur Robopeyir kimi. Bol cəsarəti var Əli Nasirin!
Sadədir və kövrəkdir, həmişə hərəkətdədir.Yazıb-yaratmağı öz yerində, həm də canlı ictimai fəaliyyətdədir, insanlarla ünsüyyətdədir.
Enerjilidir. Asan iş deyil zehni iş , özü demişkən yazanda da "qonə şələ” dən yapışır. Yükün ağırlığından, təbii ki, sapmalar da baş verir.
Əli Nasir yazıb-yaratmaqdan nə yorulur, nə də ki, doyur. Bu səbəbdəndir ki, hələ heç bir talış şairinin toxunmadığı tarixi və müasir, samballı mövzulara yapışır. Onları özünə məxsus şeyriyyat üslubunda açır, müasirləşdirir, fəlsəfi nəticələr çıxartmağa çalışır. Etiraf etməliyik ki, talış dilində samballı, əsaslı mövzular haqqında bəhs edib, yazmaq asan iş deyil. Bu ikiqat, üçqat çətin işdir.
Bir vacib məsələ də budur ki, özüm də daxil olmaqla çoxumuz Əli Nasirin yaradıcılıq stilini ala bilmirik. (Bu haqda sonra). Dərk etməliyik ki, Əli Nasirin şeirləri və yazmaq üslubu onun xarakteri və istəyindədir. (Bu haqda da sonra).
Əli Nasir yaradıcılığının bir xüsusiyyəti də ondadır ki, o azərbaycan dilində olduğu kimi, talış dilində də təmiz, səlis, sadə ədəbi dildə danışır və yazır. Bir də o nə yazırsa yazsın, oraya ürəyinin yağını, bütün ruhunu sərf eləyir. Yaradıcılığının acxəmirəsi ürəyinin cövhəri, cisminin alovudur.
Bir diqqət yetirin onun "Şəvnışt” qəzetinin 2006-cı il aprel ayında çıxan ikinci nömrəsində çap olunan "Boənən bə Şəvnışt” şeirinə. Doğrusu mən bu şeiri dönə-dönə oxuduqdan sonra belə bir qənaətə gəldim ki, bu adi şeir deyil, bu Əli Nasirin harayıdır. Məzmunlu bir əsər və normadır. Elə bil Ə. Nasir talış dağlarının ən hündür zirvəsinə qalxaraq var gücü ilə o taylı bu taylı talış yazarlarını bu məclisə-"Şəvnıştə” dəvət edir. Niyə? Tariximizi öyrənmək üçün! Niyə? Özümüzü dərk etmək üçün! Niyə? Qeyrətimizi, iftixarımızi qaldırmaq üçün. Niyə? Həmrəyliyimizi yaratmaq üçün! Bu niyələri nə qədər artırmaq olar? Istənilən qədər.
Boənən bə "Şəvnışt”, çıki dıl pure, "Şəvnışt” bə zılmoti ğənim bə nure. Boənən siyo çoxo bıkəmon oğo Çəmə yolon bəmə jıqo votə, oxo. "Boənən bıdə” (mənimdir). Dınyo bızno əmə tolışonimon, Dınyo kandüləye, əmə şonimon.
Təkcə bu altı misra haqqında saatlarla söz açmaq olar.
Əli Nasir məişət xarakterli mövzulara az vaxt sərf edir, meyilli deyil. O, quyruqdan yox, başdan yapışır. Sədəf çıxartmaq üçün okeanlara cumur, gücü çatdıqca dərinliklərə, baş vurur.
Və deyir:
Dəhri dərya eyləyib qərq eyləyər dəryasına, Kim ki qəvvas olmasa fəth eyləməz dürdanəni.
Qorxmur, heç belinə kislorod balonu da bağlamır. Cəsarət insanın xilqətidir! Cəsarət qələbənin rəhnidir!
Əli Nasir yazmaqdadır! Nə qonorarı var, nə imtiyazı! Nə yardımı var, nə güzəşti! Nə istirahəti var, nə rahatlığı!
Haray-həşirdədirt ! Bolluca danlağı var. Azadlıq təşnəsidir!
Xəlil Rza Ulutürk demişkən:
Azadlığı istəmirəm zərrə-zərrə, qıram-qram. Azadlığı istəmirəm bir həb kimi, dərman kimi Azadlığı istəyirəm hava kimi, səma kimi.
Bu sətirlər sanki Əli Nasirin devizidir.
ƏŞRƏFİ Sərxan, Lankon
|