Bu səhər sosial şəbəkələri bürüyən bu acı xəbər hamımızı kədərləndirdi: ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu!
ƏliNasirsevərlər Şairin ölüm xəbərini dərin kədərlə qarşıladı. Sosial şəbəkələrdə Şairin dostları, oxucuları Şairin haqq dünyasına qovuşmasından kədərləndiklərini bildirir, onun ruhuna dualar oxuyur.
Şairin həmkarı və dostu Bəxtiyar Ruşinin yazdıqlarının timsalında xalqımıza, Şairin yaxınlarına və bütün oxucularına dərin hüznlə baş sağlığı veririk.
"Çox kədərli, çox üzücü bir gün yaşayırıq. Xalqımızın böyük şairi, qeyrətli oğlu, milli ruhu ƏLİ NASİR bu fani dünyadan köçdü, əbədi haqq dünyasına qovuşdu.Cəmi 61 il yaşadı, həmişə haqsızlığı,ədalətsizliyi qınadı, məhkum etdi, zindanlarda yatdı, ağır xəstəliklərə mübtəla oldu. Bu amansız xəstəliklər onun ildırımdan yoğrulmuş səsini aldı, ona əzablar verdi. Bu da cismani varlığın sonu...
Lakin onun haqq səsini misralarında ehtiva edən şimşək “qoxulu” şeirləri bizim təskinliyimizdir. Məhz bu odlu şeirlərin harayı, bu böyük şairi əbədi yaşar edəcək, ürəklərimizdə, yaddaşımızda onun əzəmətli, məğrur, əyilməz hekəlini yaradar!
Bu ağır itgimizə görə şairin ailə üzvlərinə, dostlarına, yaxınlarına, cəmi xalqımıza dərin hüznlə, intəhasız kədərlə başsağlığı veririk!
Uca yaradan bizə sonsuz səbir verməklə bu ağir kədəri daşımaq üçün qəlbinizə güc və əzmkarlıq əta eləsin!
Böyük şairimizin ruhunu şad etmək üçün xalqımıza səbəb bəxş etsin,onun müqəddəs qəbr evini mərhəmət ziyası ilə həmişə rövşən və münəvvər eləsin! Amin!"
TALISH.ORG