Bu gün onlarla insan Sülh və Demokratiya İnstitunun ofisi qarşısında korrupsiyaya qarşı etiraz aksiyası keçirib. Lakin hadisə yerinə təxminən eyni sayda polis işçiləri gəlib. Onlar üzərində İlham Əliyevin korrupsiya əleyhinə sitatları yazılmış hava şarlarını partladıblar və analoji şüarlar əks etdirən plakatları cırıblar.
Nəsimi rayon polis rəisinin müavini Muxtar Muxtarov aksiya təşkilatçılarından "qanunsuz yığıncağa” son qoymağı tələb edib.
Lakin o, şarların doldurularaq pəncərələrdən asılmasında hansı qanunsuzluq olduğunu izah edə bilməyib. Leyla Yunusla uzun və nəticəsiz qarşıdurmadan sonra polislər gediblər, vəziyyətə nəzarət etmək üçün bir əməkdaşlarını hadisə yerində saxlayıblar.
Bundan sonra aksiya iştirakçıları yeni şarlar üfürərək, üzərinə şüarlar yazıblar və küçəyə çıxıb onları havaya buraxıblar. Bu zaman onlar korrupsiya əleyhinə şüarlar səsləndiriblər və İkinci Dünya Müharibəsi dövrünə aid "Qalx ayağa, Vətən!” mahnısını oxuyublar.
Beləliklə, aksiya iştirakçıları Bakının mərkəzində tikililərin qanunsuz sökülməsinə, minlərlə vətəndaşın əmlak hüquqlarının pozulmasına, Bakı Meriyası işçilərinin korrupsiyaya uğramasına etiraz ediblər. Aksiyada zərərçəkmiş vətəndaşlar, hüquq müdafiəçiləri, jurnalistlər iştirak ediblər.