Əvvəlki əfv fərmanları kimi indiki əfv fərmanı da Azərbaycanda siyasi məhbuslar məsələsini həll etmədi, baxmayaraq ki, ilk dəfə olaraq bir sərəncamla siyasi motivlərlə həbs olunmuş 14 nəfər azadlığa çıxıb. Bu barədə Turan-a Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus dekabrın 26-da verilən əfv fərmanını şərh edərkən bildirib.
O, diqqəti ona yönəldib ki, əfv olunan siyasi məhbusların çoxu cəzasının böyük hissəsini çəkib. "Bununla belə, müsbət haldır ki, hakimiyyət eyni vaxtda 14 siyasi məhbusu azad edib. Bu, Azərbaycan üçün görünməmiş haldır, çünki əvvəllər bir sərəncamla azadlığa ən azı 5-7 siyasi məhbus çıxırdı”, - L.Yunus bildirib.
O, bunu AŞPA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristoferin hesabatının qarşıdakı müzakirəsi ilə izah edib.
"Orada hakimiyyət bəyan edə bilər ki, problemin həlli ilə bağlı addımlar atılıb, halbuki, həmişə siyasi məhbuslar probleminin olduğunu inkar edir”, - o vurğulayıb.
Lakin əslində siyasi məhbuslar problemi nəinki həll olunmayıb, hətta məhkəmə proseslərinin əsassız yubadılması ilə bağlı yeni həyəcanlı tendensiyalar var. Belə ki, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun (Dövlət Bayrağı Meydanında evləri sökülən sakinlərin hüquqlarını müdafiə edib) işi üzrə proses apreldən, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının isə məhkəməsi maydan davam edir. Onların hər ikisi oxşar ittihamla həbs olunub – rüşvət tələb etmək.
L.Yunusun sözlərinə görə, həbsxanalarda ən azı 54 siyasi məhbus var. Bunlar 4 nəfər hüquq müdafiəçisi – İlham Əmiraslanov ("Kür” qərargahı), İlqar Rzayev (SDİ-nin volontyoru), Bəxtiyar Məmmədov və Hilal Məmmədov (Talış Mədəniyyət Mərkəzinin rəhbərinin müavini, "Tolışi sado” qəzetinin baş redaktoru).
Bundan əlavə, SDİ-nin siyahısında 7 jurnalist var – Əvəz Zeynallı, Zaur Quliyev, Vüqar Qonaqov (hər ikisi "Xəyal”TV-nin əməkdaşı), Araz Quliyev (Masallı rayonunda xeber44.com dini online nəşrin baş redaktoru), Nicat Əliyev (dini azadxeber.org online nəşrin baş redaktoru), Fərəməz Allahverdiyev (sosial şəbəkələrdə yazıların dərcinə görə) və Fuad Hüseynov (Ucar rayonundan jurnalist).
Siyahıda həmçinin İslam Partiyasının 6 fəalının adı var. Bura Mövsüm Səmədov və Səid Dadaşbəylinin qrupundan 10 siyasi məhbus daxildir.
Bununla yanaşı SDİ-nin siyahısında 18 nəfər var ki, onlar 1990-cı illərdə dövlət çevrilişinə cəhdə görə ömürlük həbs olunublar.
SDİ keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi, onun qardaşı biznesmen Rafiq Əliyevi, keçmiş səhiyyə naziri Əli İnsanovu və Milli Dövlətçilik Partiyasının rəhbəri Nemət Pənahlını siyasi məhbus hesab edir.
SDİ daha 5 nəfəri də siyasi məhbus hesab edir. Onların barəsində hökm qanuni qüvvəyə minməyib və ya onlar istintaq altındadır. Bunlar Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublu, ölkənin şimal regionundan iki dindar Raqib Pirəliyev və Şərafəddin Mahmudovdur.
contact.az
|