Bu gün respublikamızın hər yerinde olduğu kimi dağ rayonu olan Lerikdə də sosial iqtisadi durum heç də ürək açan deyil. Bunun əsas səbəbi isə məmur özbaşınalığı və vətəndaşların problemlərinə biganəlikdir. Leriklilər nə qədər dözümlü, səbirli olsalarda milli-mənəvi dəyərlərinə, inanclarına hörmətsizliklə barışmayıb və sərt üzünü göstərməyə həmişə qadirdir. Bu yaxınlarda Ismayıllıda baş verən hadisələrdən bəzi məmurlarımız ibrət götürməlidirlər. Əgər belə olmasaydı Leriklilərin müqəddəs ziyarət yeri olan Cabir Ənsar türbəsinə hörmətsizlik olunmazdı.
Məlumat üçün bildiririk ki, 12 -14cü əsrlərə aid olan Cabir Ənsar Lerikdə yeganə yazılı türbə sayılır. Eyni zamanda bu türbədən bir az aralıda Xəlifə Zəkəriyyə qəbristanlığı yerləşir ki, burada 8 nəfər Qarabağ şəhidi uyuyur. Bizi hiddətləndirən odur ki, tarixi abidə kimi qorunan Cabir Ənsar türbəsinin yanında və Xəlifə Zəkəriyyə qəbristanlığının 20-30 metrliyində kanalizasiya anbarı tikintisinə başlanmış və həm də Cəngəmiran camaatının rayon mərkəzinə piyada yolu kəsilmişdir. Həttda türbənin muhafizəsi üçün salınmış çəpərin bir hissəsi sökülmüş, ağaclar kəsilmişdir.
Bu həqiqətdir ki, prezident tərəfindən Lerikin inkişafına kifayət qədər vəsait ayrılır. Bunu sadə Leriklilərin o qədər də hiss etməməsinin səbəbi həmin vəsaitin çox hissəsinin mənimsənilməsidir. Fakt göz qabağındadır. Əvvəllər camaata bildirmişlərki, tikinti həmin yerdən 2 kilometr aşağıda-meşənin kənarında olacaq. Bəs nə üçün indiki yer secilib? Camaatın hissiyatına, mənliyinə toxunmaq üçünmü?
Biz heç bir inkişafın, müsbət yeniliyin əlehyinə deyilik. Leriklilər öz sözünü həmişə deyib və əməlləri ilə bunu sübüt ediblər. Məhz buna görə məmur özbaşınalığının son həddi olan belə bir iyrənc əməllərlə barışmaq niyyətində deyilik. Sizdən xahişimiz budur ki, bu məsələnin qanun çərçivəsində araşdırılmasına, günahkarların layiqli cəzasını almasına və müqəddəs yerlərin yanında aparılan kanalizasiya anbarının tikintini təcili sürətdə dayandırılmasına kömək göstərəsiniz. Azər Kərimzadə, Lerik