Bizə məktub var
"Tolışon Sədo" qazetinin Lerik rayonu üzrə müxbiri Azər Talışın ünvanına Lerik rayonun sakini Əliyeva Mailə Səlim qızının dövlət başçısına ünvanladığı şikayət məktubunun sürəti daxil olub, şikayət məktubunu nəzərinizə çatdırırıq.
"Cənab İlham Əliyev, Sizin ətrafınız "tikanlı məftil" ilə əhatəli olduğu üçün şikayətimizə baxılmadıqda üzümüzü Rusiya prezidentinə tutaraq, cənab Putindən kömək istəmək zorunda qalırıq. Ailə üzvlərimin həyatı təhlükə qarşısındadır, bizə köməklik edin.
Lerik rayonunda hüquq və azadlığımız tapdalanaraq, cinayətkar, azğınlaşmış məmurlar tərəfindən ayaq altına atılmışdır, qanunlarımız burda işləmir, hər bir iş rüşvət üzərində qurulub. Mən iki oğul böyütmüşəm, Azərbaycan torpaqları uğrunda vuruşublar. Vətənə xidmətlərini başa vurublar, dövlətimizə xidmət ediblər, hazırda evsiz və subaydırlar. Bunlara bir sot torpaq sahəsi düşmürmü?
Cənab Prezident, Sizə sual verirəm: 2010-cu ildə oğlum üçün fərdi yaşayış evinin tikintisindən ötrü bir sot torpaq sahəsini bələdiyyənin keçirtdiyi hərrac yolu ilə almışam. 75 manat Dövlət rüsumunu "Kapital bank”a köçürtmüşəm, sənədlərim qanuni olsa da, bu üç il müddətində get-gələ salınıram. İndiyə kimi həmən torpaq sahəsinə xəritə çəkilməyib, kadastır və şəhadətnamə verilmir, çünki pulum olmadığı üçün tələb edilən rüşvəti verə bilmirəm. Baxın bələdiyyə və torpaq xəritə çəkmə şöbələri sədrlərinin qanunsuz özbaşınalıqlarına: həmən ərazidə tikinti aparılıb, 1000-nə yaxın mişar daşı işlənib. Mənə imkan vermirlər ki, tikintini başa vurum. Hələ bu azmış kimi, məni və ailə üzvlərimi ölümlə hədələyirlər.
Cənab prezident, aşağıdakı məmurların qanunsuz hərəkətlərinin qarşısının alınmasında Sizdən köməklik istəyirik:
1) Aqil Sucayev - mədəniyyət şöbə müdiri;
2) Hüseynağa Şahıyev - bələdiyyə sədri;
3) məhkəmə icraçısı Anar müəllim
Cənab Prezident, başımıza hər hansı bir hadisə gələrsə, bilin ki, məsuliyyəti bu üç məmurun üstündədir.
İmza:
Əliyeva Mailə Səlim qızı