Главная » 2011»Февраль»9 » Lalə Şövkətdən hakimiyyət əleyhinə daha bir bəyanat
23:08
Lalə Şövkətdən hakimiyyət əleyhinə daha bir bəyanat
Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası birgə bəyanatla çıxış edib.
ALP-nin mətbuat xidmətindən TALISH.ORG-a daxil olan bəyanatda bildirilir ki, milyonlarla Azərbaycan vətəndaşı işsizlikdən, maaş azlığından ölkəni tərk etdiyi, xaricə getməyə maddi imkanı olmayanların isə daxili köç edib Bakıda ən azgəlirli işlərə razılaşdığı, "qul bazarlarında" nökərliyə məcbur olduğu, yoxsulluq yükünün altında yarıac-yarıtox inlədiyi halda, Azərbaycan iqtidarı neft milyardlarını gərəksiz və keyfiyyətsiz təmir-tikinti işlərinə, nazirliklər, icra hakimiyyəti, polis idarələri üçün inzibati binaların, sarayların, bir tərəfi abad, digəri bərbad evlərdən ibarət "potyomkin kəndlərinin", mərkəzlərin, bağların, parkların, "qala” hasarların, fəvvarələrin tikintisinə sovurur: "Azərbaycan Dövlət Neft Şirkətinin qərargahının və Neft Muzeyinin tikintisi də bu cür lüzumsuz tikililərdəndir. Milyardlarla manatın şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin, tələbə və təqaüdçülərin sosial təminatına, işsizlər, xüsusilə gənclər üçün iş yeri açmaq, elm, mədəniyyət, təhsil işçilərinin maaşlarının qaldırılmasına sərf etmək əvəzinə bu cür lüzumsuz binaların inşasına xərclənməsi Azərbaycan xalqına qarşı həqarətdir.
Azərbaycan xalqına yoxsulluq və işsizliklə əzab vermək bəzi hakim çevrələrinin qəsdən yürütdüyü düşünülmüş siyasətdir və xalqımızın deqradasiyasına yönəlmişdir.
ALP və VİP hesab edir ki, neft milyardlarının oğurluq vasitəsi olan belə "tikinti-quruculuq" işləri dərhal dayandırılmalı, azad olunmuş maliyyə vəsaitləri isə işsizliyin və yoxsulluğun aradan qaldırılmasına yönəldilməlidir”.