Lənkəranda bir dindarın «dəm qazı» adı ilə terrora məruz qaldığı iddia edilir
Ötən ilin yanvarında saytlarda yer alan "dəm qazından zəhərlənmə” xəbəri artıq adiləşdiyindən, yəqin ki, Lənkəranda xeyriyyəçi-dindar kimi tanınmış Hacı Ramin Şirməmmədovun yaxınlarından başqa çox az adamı təsirləndirmişdi.
Məlumatda bildirilirdi ki, yanvarın 27-dən 28-ə keçən gecə Ramin Şirməmmədov Bakıdakı mənzilində dəm qazından boğularaq dünyasını dəyişib...
"Azadlıq” qəzetində sirli və ağır cinayətlərin işıqlandırılması bir çox vətəndaşları dilə gətirməyə vadar etdiyi kimi, Şirməmmədovların da yaxınlarına təsirsiz ötüşməyib. Mərhumun hələlik adının açıqlamasını istəməyən yaxını "dəm qazı zəhərlənməsinin” arxasında dövləti cinayətin izi olduğunu iddia edir. O bildirir ki, ölümün lap ilk günündən mərhumu tanıyanlar bu sual qarşısında qalıb: Doğrudanmı Hacı Ramin bədbəxt hadisənin qurbanı oldu? Yoxsa bu gənc fəal terror edildi?
"Hacı Ramin dünyasını dəyişən gündən bu sual onun yaxınlarını, dostlarını, bütün onu tanıyanları rahat buraxmır. Amma nədənsə MTN, Daxili Işlər Nazirliyi çox rahatdır. Məhz bu iki qurum Hacı Raminin müəmmalı ölümünün araşdırılmasına, hətta tibbi ekspertiza keçirilməsinə mane olub”, - deyə mərhumun yaxını bildirib.
35 yaşında dünyasını dəyişən Hacı Ramin Şirməmmədov Bakıdakı dini yönlü "Məsumə” dükanında çalışıb. Bildirilir ki, o, dükanda satılan dini kitablara görə təqib olunub: "MTN onu divara dirəmişdi. Hacını incidir, dini ədəbiyyat yayımına son qoymasını tələb edirdilər. Amma Hacının bütün işləri qanuni idi. Kitabın seçimi, tərcüməsi, çapı əlaqədar orqanlarla razılaşdırılırdı. MTN əməkdaşları isə 2012-ci ilin əvvəlindən dözülməz həddə çatmış çağırışlarında Ramini, ona dini kitabların yayımı üçün razılıq verən təşkilat rəhbərlərini təhqir edirdilər. Hacıya əməkdaşlıq təklif edir, onu öz adamları sırasına qatmaq istəyirdilər. Amma Hacı bütün bu iyrənc təklifləri qətiyyətlə rədd edirdi”.
Mənbə bildirir ki, "anlaşma” baş tutmadığından Hacını ölümlə hədələyirdilər: "Düzü, buna inanmırdıq. Düşünürdük ki, onu da şərləyib həbs edəcəklər. Amma Hacı Ramin müəmmalı şəkildə dünyasını dəyişdi. Məşum bir gecədə Hacı Ramin Şirməmmədov Bakıdakı mənzilində sübh namazından sonra guya, dəm qazından boğuldu. Inanın ki, bu, şərəfsiz bir yalandır. Ramin ölümündən qabaq yaxınlarına demişdi ki, onu qapısına qədər izləyirlər. Hadisədən sonra da əl çəkmədilər. ”Ölünü yardırmaq günahdır" deyib tibbi ekspertizaya imkan vermədilər. Mən Hacı Raminin ən yaxın adamlarından biri kimi deyirəm: Hacını qətlə yetirdilər! Buna əmin olan adamlar MTN-nin qorxusundan səsini çıxara bilmir. Amma xalqımız bilməlidir ki, xeyriyyəçi, pak bir insan məhz bu rejim tərəfindən terror edilib. Bu həqiqəti bütün Azərbaycana yayın, xahiş edirəm!"
Mənbə onu da əlavə edib ki, təzyiqlərə tab gətirə bilmədiyindən Ramin Şirməmmədov həyat yoldaşını ötən il Irandakı yaxın adamlarının yanına yollayıb. Onun həyat yoldaşı Iranda, Qum şəhərində fəaliyyət göstərən azərbaycanlıların "HAQQ YOLU” institutunun himayəsi altında yaşayır.
"Azadlıq” məhrumun həyat yoldaşı ilə əlaqə saxlamağa çalışır. Müsahibə alınacağı təqdirdə, onu oxucularla bölüşəcəyik. Azadlıq Qəzeti