Dekabrın 15-də axşam saatlarında Nərimanabad qəsəbəsində sərhədçilərlə sakinlər arasında insident baş verib. Onlarla insan etiraz aksiyası keçirib.
Hərbçilərin balıqçıları dənizə buraxmaması və yüksək haqq tələb etmələri sakinlərin qəzəblənməsinə səbəb olub. Səbr kasası daşan Nərimanabad qəsəbəsinin sakinləri anlaşa bilmədikləri üçün hərbçilərlə üz-üzə gəlməli olublar. Yaşanan münaqişə nəticəsində qəsəbədə vəziyyətin ağırlaşdığı deyilir.
Verilən məlumatlara görə qəsəbə sakinləri ilə hərbçilər arasında yaşanan insident nəticəsində bir nəfər dünyasını dəyişib. Hərbçilərdən isə biri girov götürülüb. Xəbərdə deyilir ki, hal hazırda Lankon və Masallıda yerləşən Daxili Qoşunların heyəti vəziyyəti sabitləşdirmək üçün Nərimanabad qəsəbəsinə yeridilib.
Qeyd edək ki, sözügedən qəsəbədə balıqçılarla hərbçilər və digər dövlət qurumlarının nümayəndələri ilə belə hadisələr davamlı olaraq yaşanır.
Bununla bağlı Daxili İşlər Nazirliyi dekabrın 16-da məlumat yayıb. Məlumatda deyilir ki, bir qrup sakin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovlayıb. Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb:
«Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.
Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Amma onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər».
Nazirliyin məlumatında bu da deyilir ki, ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lankon Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.