13 yanvar 2013-cü ildə Lənkəran şəhərinin girəcəyində Müsavat partiyasının başqanı İsa Qənbər və onunla birlikdə Lənkəran şəhərinə gəlmiş qonaqlara qarşı xüsusi qəddarlıqla təxribat törədilmişdir. Təxribata Lənkəran şəhər İcra hakimiyyətinin başçısı T.Qaraşov rəhbərlik etmiş, hədə-qorxu, aldatma və rüşvət verməklə aldadılan bazar alverçiləri, balıq satanlar, hamballar, yük daşıyanlar, icra aparatı işçiləri cəlb olunmaqla qonaqlara pomidor, yumurta atılmış, maşınları əzilmiş, KAMAZ maşınlarını üzərlərinə sürdürülmüşlər. Prosesə Lənkəran şəhər polis işçiləri də cəlb olunmuş, sakinlərin hadisə yerinə gəlmək istəklərinin qarşısı alınmışdır. Şəhərə girməyin heç bir halda mümkün olmadığını görən qonaqlar geri qayıdaraq Bakı istiqamətinə hərəkət etmək məcburiyyətində qalmışlar. Bu da azmış kimi rayonun Qumbaşı kəndi ərazisində quş satanlar, oğurluqla, tiryək satmaqla ailələrini dolandıranlar işə cəlb olunmuş, qonaqlar burada onların hücumuna məruz qalmışlar.
Lənkəran ziyalıları olaraq bu rəzaləti qətiyyətlə pisləyir, baş vermiş hadisələri Lənkəran qonaqpərvərliyinə yaraşmayan hərəkətlər adlandırmaqla şəhər rəhbərliyinin özbaşınalığı, insanlığa zidd hərəkətləri hesab edirik. Bildiririk ki, lənkəranlıların həmişə qürur duyduqları, fəxr etdikləri özəlliklərindən biri də onların qonaqpərvərliyidir. Məhz bunun nəticəsidir ki, burada yaşayan insanlar yaxın və uzaq qonşuları tərəfindən "Xan lənkəran” adlandırılmış və bu status bu günə qədər müqəddəs sayılaraq ona xələl gətirilməsinə imkan verilməmişlər. T.Qaraşov kimi, rəhbərlərin korluğu, korafanlığı bütün lənkəranlılara hörmətsizlik və sayğısızlıqdır. Baş vermiş hadisəni qətiyyətlə pisləyir, qonaaqlarımızdan üzr istəyir və onları yenidən Lənkərana gəlməyə dəvət edirik. Əlavə olaraq onu da bildiririk ki, biz lənkəranlılardan asılı olmayan xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqcadan gəlişinizi bildirməyinizi xahiş edirik. Lənkəran ziyalıları adından: H.Məmmədli, İ.Rəhimzadə, R.Nuriyev, A.Əzimov, M.Şükürlü, C.Məcidov, D.Abdullayev və başqaları. Cəmi 20 imza.