Aprelin 10–da Lənkəran rayon Polis Şöbəsinə aparıdıqdan sonra intihara cəhd edərək özünü pəncərədən atdığı deyilən Lənkəran rayon Velədi kənd sakini, 44 yaşlı Babayev Cəmilin qohumları bu versiyaya inanmırlar. Belə ki, polisdən "Cəmil özünü polis şöbəsinin 4-cü mərtəbsindən atıb” deyən polislər əvvəlcə onu rayondakı Diaqnostika Mərkəzinə, sonra isə Onkoloji Mərkəzə aparıblar.
Yaxınları mətbuata açıqlamasında bildiriblər ki, vəziyyəti kritik olan və çox az müddətə ömrü qalan C.Babayevin polisə niyə aparıldığını, özünü 4-cü mərtəbədən niyə atdığını bilmirlər (azadliq.info).
Lənkəran Polis Şöbəsindən isə APA-ya bildirlib ki, C.Babayev oğurluqda təqsirli bilinib, ifadə verərkən özünü şöbənin ikinci mərtəbəsindən ataraq intihara cəhd edib. C.Babayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumatda onun əvvəllər məhkum olunduğu da bildirilir.
Bu gün səhər yaxınları C.Babayevin müalicə olunduğu Diaqnostika Mərkəzinin binası qarşısına toplaşıblar. Qardaşı müsahibəsində Cəmil Babayevin döyüldüyünü bildirib. Videomüsahibəni minval.az saytı yayıb.