Главная » 2011»Сентябрь»9 » Jurnalist İdrak Abbasovun evinə basqın edilib (video)
19:26
Jurnalist İdrak Abbasovun evinə basqın edilib (video)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun evi bu gün basqına məruz qalıb və qismən dağıdılıb.
Hadisə saat 11-də Bakı yaxınlığında yerləşən Sulutəpə qəsəbəsində baş verib.
"Qara geyimli bir qrup şəxs həyətə girərək valideynlərimi və digər ailə üzvlərimi döyməyə başladı. Eyni zamanda ekskavatorla hasarı sökməyə başlayıblar”, deyə İdrak Abbasov mətbuat konfransında bildirib.
Valideynlərdən başqa Abbasovun qardaşı, iki gəlinləri və onların uşaqları döyülüb. "Atam ağır diabet xəstəsidir, o, komaya düşüb və 4 saylı klinik xəstəxanaya yerləşdirilib. Anam və qardaşım Şəhər Klinik Mərkəzinə (Semaşko) yerləşdiriliblər. Həkimlərin qeyri-ciddi münasibət göstərməsi ilə əlaqədar iki digər qardaş səs-küy qaldırıblar, buna görə xəstəxananın təhlükəsizlik xidmətinin təzyiqlərinə məruz qalıblar. Mühafizəçilər onları saxlayıb və polis çağırıblar. Qardaşlar Nəsimi rayonu 20 saylı polis bölməsinə göndəriliblər, anaları və digər qardaşları isə reanimasiyaya yerləşdirilib. Hər ikisində baş-beyin zədəsi var”, deyə İdrak Abbasov bildirib.
Onun sözlərinə görə, evə heç bir xəbərdarlıq olunmadan basqın edilib. Qonşulardan heç kimə toxunmayıblar. Basqınçılar yalnız evin qanunsuz tikildiyini deyirdilər. "Belədirsə, niyə 25 ildir bu ev yerində durur? Düzdür, bizim evin müvafiq sənədləri yoxdur. Bununla belə, ən azından xəbərdarlıq edə bilərdilər”, deyə İdrak Abbasov bildirib.
"Bilmirəm atam komadan çıxacaqmı, anam və qardaşım yaşayacaqmı. Polis qardaşlarıma bundan sonra nə edəcək? Doğrudur, polis qardaşlarımı məhkəmə tibbi ekspertizasına göndərib. Bu, mənə bir qədər rahatlıq verir, belə ki, qardaşlarımın təqsirli deyil, zərərçəkmiş olduqlarını təsdiq edə bilərlər”, deyə Abbasov qeyd edib.
O, həmçinin bildirib ki, onda olan məlumata görə basqınçılar "Binəqədi oyl kompani” adlı xüsusi qrupun üzvləridirlər.
"Vətəndaşların hüquqlarının qarantı olan ölkə prezidentinə müraciət edirəm, bu özbaşınalığa son qoyun. Mənim ölkəmdə məni heç kim müdafiə edə bilmirsə, kimə müraciət etməliyəm? Niyə dövlət öz vətəndaşlarının həyat və təhlükəsizliyinə zəmanət vermir?”, deyən Abbasov Binəqədi rayon 40-cı polis bölməsinə ərizə verdiyini qeyd edib.