"Səfirliyimizin müvafiq təhlükəsizlik səviyyəsində olduğuna əmin olmaq üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə iş aparırıq”. ABŞ səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycanda terror aktı törədilməsi ehtimalı ilə əlaqədar növbəti xəbərdarlığı APA-ya belə şərh edib: "Təhlükə haqqında etibarlı məlumat əsasında səfirliyimizə Azərbaycanda, o cümlədən Amerika maraqlarına qarşı yönəlmiş mümkün terror aktlarının baş vermə ehtimalı ilə əlaqədar yeni xəbərdarlıq daxil olub. Biz potensial təhlükələrlə bağlı Amerika vətəndaşlarını məlumatlandırırıq ki, onlar öz səfərlərini düşünərək planlaşdırsınlar”.
K.Bin əlavə edib ki, ABŞ səfirliyi öz fəaliyyətini adi rejimdə davam etdirir. Lakin diplomat ehtimal olunan terror aktının xarakteri və məlumatı verən mənbə barədə sualı cavablandırmaqdan boyun qaçırıb: "Lakin biz hesab edirik ki, Azərbaycanda terror ehtimalı var və ABŞ vətəndaşlarını sayıq olmağa çağırırıq”.
İsrail rejiminin Azərbaycandakı səfirliyindən isə bu rejimin terrorla mübarizə qərargahının bir neçə gün əvvəl Azərbaycanda terror aktı törədilməsi ehtimalı ilə bağlı yaydığı xəbərdarlığa münasibət öyrənmək mümkün olmayıb. Etibarlı mənbələrdən APA-ya bildiriblər ki, sionist səfirliyi Azərbaycanda ehtimal olunan terror aktı ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.
Öz vətəndaşlarına Azərbaycanda mümkün terror aktı ilə bağlı xəbərdarlıq edən daha bir ölkənin – Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən də məsələyə münasibət öyrənmək mümkün olmayıb. Səfirlikdən diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər görülüb-görülmədiyi, Azərbaycanın müvafiq qurumları ilə əlaqə saxlanıb-saxlanmadığı barədə sualı şərh etməyiblər.