Главная » 2011»Август»4 » İslam Partiyası üzvlərinin məhkəməsi davam edir
17:29
İslam Partiyası üzvlərinin məhkəməsi davam edir
Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədovun və partiyanın 6 üzvünün işi üzrə dinləmələr başlayıb.
Müttəhimlər kürsüsündə Səmədovdan başqa partiyanın sədr müavini Vaqif Abdullayev, Astara təşkilatının sədri Rufulla Axundzadə (foto), partiya fəalları Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, Fəramiz Abbasov və Mikayıl Zülfüqar (ev dustağıdır) əyləşiblər.
Onlar CM-in 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Prosesdə təqsirləndirilənlər və onların vəkilləri məhkəmə tərkibinə etiraz vəsatəti qaldırıblar.
Məhkəmə vəsatəti təmin etməyib və məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Lakin təqsirləndirilən şəxslər özlərini elan olunana ittiham üzrə təqsirli bilmədiklərini deyiblər.
İclasda təqsirləndirilənlərin qohumları hakimlərin ünvanına etiraz şüarları və lənət səsləndiriblər və zalda qalmaqal yaranıb. Həmin şəxslər məhkəmə zalından çıxarılıblar.
Proses avqustun 11-də davam etdiriləcək.
* Yanvarın 2-də AİP Baş Məclisinin iclasında partiya lideri Mövsüm Səmədov məktəblərdə hicabın qadağan edilməsini kəskin tənqidə məruz qoyub və bunu Azərbaycan xalqının mənəviyyatına zərbə kimi qiymətləndirib. O, Məhəmməd Peyğəmbərdən (s.a.s.) sitat gətirərək, "din uğrunda candan keçmək lazım gəldiyini”, Azərbaycanda hazırda belə bir vəziyyət yarandığını deyib. O, Azərbaycan xalqını "ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. AİP liderinin çıxışı YouTube-da yayılıb.
Sonradan Səmədov və partiyanın daha 9 fəalı həbs edilib. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmək cəhdi, mütəşəkkil cinayətkar qrup yaratmaq, qanunsuz silah saxlamaq və s. ittihamlar irəli sürülüb.