Главная » 2011»Июль»10 » İslam Partiyası fəallarının məhkəməsi başlayıb
00:03
İslam Partiyası fəallarının məhkəməsi başlayıb
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının lideri Mövsüm Səmədovun işi üzrə hazırlıq iclası keçirilib.
Səmədovla birgə müttəhimlər kürsüsündə onun qohumu Firdovsi Məmmədrzayev, partiyanın sədr müavini Vaqif Abdullayev, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə, partiya üzvləri Dəyanət Səmədov, Fəramiz Abbasov və Mikayıl Zülfüqar əyləşib (sonuncu ev dustağıdır).
Mövsüm Səmədovun vəkili Anar Qasımovun müdafiə etdiyi şəxsin barmaqlıqlar arxasından çıxarılması vəsatətini müttəhim özü rədd edib. Hakim müttəhimin etirazını dəstəkləyib.
Daha sonra Mövsüm Səmədov müdafiə hüququnun pozulduğunu, həbsinin əsassız olduğunu bildirib və cinayət işinə xitam verilməsini istəyib. Hakim buna münasibət bildirməyib, belə ki, müttəhim Mikayıl Zülfüqarın vəkili onunla müqavilənin dünən bağlandığına görə işlə tanış olmaq üçün vaxt istəyib.
Bu səbəbdən hazırlıq iclasının davamı iyulun 14-nə təyin edilib.
Bundan sonra bütün müttəhimlər təkbir gətirərək, onları həbs edənlərə lənət oxuyublar.
Xatırladaq ki, müttəhimlər CM-in 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Yanvarın 2-də AİP Baş Məclisinin iclasında partiya lideri Mövsüm Səmədov məktəblərdə hicabın qadağan edilməsini kəskin tənqidə məruz qoyub və bunu Azərbaycan xalqının mənəviyyatına zərbə kimi qiymətləndirib. O, Məhəmməd Peyğəmbərdən (s.a.s.) sitat gətirərək, "din uğrunda candan keçmək lazım gəldiyini”, Azərbaycanda hazırda belə bir vəziyyət yarandığını deyib. O, Azərbaycan xalqını "ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. İslam Partiyası liderinin çıxışı YouTube-da yayılıb.
Sonradan Səmədov və partiyanın daha 9 fəalı həbs edilib. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmək cəhdi, mütəşəkkil cinayətkar qrup yaratmaq, qanunsuz silah saxlamaq və s. ittihamlar irəli sürülüb.