İranın neft naziri, OPEC-də sədrlik edən Seyid Məsud Mirkazemi bu gün Azərbaycana gəlib. İranın Bakıdakı səfirliyinin mətbuat xidməti məlumatına görə, rəsmi şəxslərlə görüşlər və danışıqlar zamanı energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Danışıqların yekunlarına əsasən Azərbaycan qazının İrana uzunmüddətli nəqlinə dair saziş imzalanacaq.
Qeyd edək ki, iranlı nazirin səfəri Avropa Komissiyasının prezidentinin səfəri ilə demək olar ki, üst-üstə düşüb. AK prezidenti də qaz nəqli məsələsini müzakirə edəcək. Görünür, bu, təsadüfü deyil.
Rəsmi Bakı vaxtaşırı olaraq Avropa Komissiyasını fəaliyyətsizlikdə və "Nabukko” layihəsinin reallaşmasının yubadılmasında ittiham edir. Layihənin reallaşması yubanmaqda davam edərsə, Bakı Rusiyaya və İrana qaz nəql edəcəyini bildirir.
Hazırda Azərbaycan hər il İranın şimal rayonlarına 300 mln. kubmetr qaz nəql edir. Bunun əvəzində isə İran Ermənistan tərəfindən blokadada olan Naxçıvana qaz ixrac edir.