"Ailəmin və şəxsən mənim ünvanıma hədələrin artmasına baxmayaraq, Azərbaycanı tərk etmək niyyətində deyiləm”.Bunu "Ayna-Zerkalo” qəzetinin müxbiri Idrak Abbasov "Obyektiv TV”yə müsahibəsində deyib.
Iki ay əvvəl onun azyaşlı uşağını qəsdən avtomobil vurub, həkimlər onu möcüzə nəticəsində xilas ediblər. I.Abbasovun həyat yoldaşı uşaqları bağçaya aparanda qonşuların pis münasibəti ilə üzləşir, evlərini daşa basırlar. Bu günlərdə həyatının böyük hissəsini həbsdə keçirmiş bir qonşusu jurnalistə "özünü yaxşı aparmırsan” deyərək hədə-qorxu gəlib. Aprelin 18-də Sulutəpə qəsəbəsində evlərin sökülməsi zamanı Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən I.Abbasovun və digər bir neçə jurnalistin döyülməsindən sonra hadisələr bu cür inkişaf edir. I.Abbasovun iki qabırğası sınıb, bədəninin müxtəlif yerləri zədələnib, əsasən sağ gözünə ziyan dəyib. Xəstəxanada uzun müddət müalicə alsa da, görmə qabiliyyəti bərpa olunmayıb.
ARDNŞ baş verənlərlə bağlı daxili araşdırma aparıb, DIN cinayət işi qaldırıb. Lakin jurnalist istintaqın gedişindən razı deyil və onu "perspektivsiz oyun” sayır.