"Masallının icra başçısı Qəzənfər Ağayev vətəndaşların hüquqlarını pozur, sakinlərin sosial-iqtisadi problemlərinə məhəl qoymur” - bu sözlər Masallı Ziyalıları Ictimai Birliyi üzvlərinin (200 imza) "Azadlıq”a göndərdiyi məktubundandır.
Qəzənfər Ağayevin 5 ildir öz şəxsi maraqlarına xidmət etdiyini deyən ziyalılar sahibkarların dükanlarını söküb yenidən obyekt tikintisi üçün onları satdığını qeyd edirlər: "Dövlət büdcəsindən ayrılan pullar rayonun problemlərinin həll olunması istiqamətində xərclənmir. Kəndlərdə normal yol yoxdur. Halbuki, sənədlərdə əksər kəndlərin yolları ”abadlaşdırılıb”. Qəzənfər Ağayev dövlət və bələdiyyə fondundan torpağı aşağı qiymətə alır. Belə ki, 1 ha torpağı 1600 manata alıb vətəndaşlara 10-20 min manat civarında satır”.
"Qəzənfər Ağayev hesab edir ki, o, Kəmaləddin Heydərovun himayəsindədirsə, deməli, heç bir qüvvə onu postundan aşıra bilməz” - deyə Masallı rayon sakinləri yazırlar.
Qəzənfər Ağayevin obyektlərinin kiçik hissəsi:
1. Balıq yetişdirmək məqsədi ilə Şərəfə kəndi ərazisindəki su tutarı, sahəsi 10 hektar.
2. Şərəfə kəndində təsərrüfat məqsədli torpaq, sahəsi - 17.5 hektar.
3. Balıqçılıq məqsədi üçün "Qarğalıq Istili”, sahəsi 30 hektar.
4. Kürdəbaz kəndində balıqçılıq məqsədi üçün su tutarı, sahəsi 5 hektar.
5. "Babaser su anbarı”, sahəsi 20 hektar.
6. Masallı şəhəri mərkəzindəki tibbi obyekt, sahəsi 1000 kvadrat metr.
7. Eminli kəndinin örüş sahəsi, sahəsi 15 hektar.
8. Qum-çınqıl satış mərkəzi, sahəsi 2000 kvadrat metr.
9. Qızılağac kəndində su tutarı, sahəsi 20 hektar.
10. "Digah Istili” su tutarı, sahəsi 5 hektar.
11. "Viləşçay” su anbarının ərazisi qorunur, tutulan balıqlar satılır. Insanlar su anbarına yaxın buraxılmır.
12. Bir şəhid ailəsinin faciəsi hesabına əldə olunan "Xalıcallı Istili” su tutarı, sahəsi 134 hektar.
13. Sahibkar Çingiz Həşimovdan zorla alınan Tərəvəz bazarı.
14. Masallının "Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt.
15. Olimpiya kompleksi deyilən idman mərkəzi ilə üzbəüz 3 hektarlıq sahə. Həmin ərazidə bir inzibati bina, bir restoran və istirahət üçün 9 "domik” var.
16. Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi.
17. Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatı.
18. Masallı-Bakı magistral yolunun sağ hissəsində sahəsi 12 hektar olan inşaat materialları bazarı.
19. Masallı-Lənkəran magistralı yolunun sol tərəfində "Cənnət bağı” restoranı. Həmin ərazidə çəpərlənmiş 5 hektar meşə zolağı və 10 hektar müxtəlif ağac yetişdirmək üçün sahə.
Iki dəfə təmirə ehtiyacı olanlar
Sakinlər iddia edirlər ki, icra başçısı Heydər Əliyev adına parkın ərazisində sahəsi 250 kvadrat metr olan "Gənclik” çay evini də ələ keçirib. Bundan əlavə, parkın ərazisi kiçildilərək qalan hissə satılıb. Satılan hissədə hazırda ticarət obyekti tikilir.
Rayon sakinləri "Azadlıq”a bildirirlər ki, Qəzənfər Ağayev büdcə hesabına təmir etdirdiyi obyektləri yenidən təmir etdirir: "Icra başçısı belə bir addımla böyük məbləğdə pullar qazanır. Birinci təmiri ala-babat edib, ayrılan vəsaiti tamamilə mənimsəyir. Təmiri rayon sahibkarlarının boynuna qoyur. Bir müddət keçəndən sonra yenidən ”dövlət əhəmiyyətli” tikilini təmir etdirmək üçün büdcədən vəsait ayırır və bu dəfə də inşa işləri rayon camaatı hesabına görülür. Məsələn, bu yaxınlarda Ilham Əliyevin rayona səfəri zamanı Mədəniyyət Evi təmir edildi. Bir müddət keçdikdən sonra sözügedən ərazi yenidən təmirə dayandırıldı. Bununla da Qəzənfər Ağayev küllü miqdarda pulu büdcədən mənimsədi”.
Sakinlər deyirlər ki, icra başçısının bu sayaq əməllərinin sayı bitib-tükənməzdir: "Rayonda büdcə hesabına təmir etdirilən elə bir obyekt tapılmaz ki, ona cəmi bir dəfə pul ayırsınlar. Ən azı iki dəfə büdcədən yeyinti olmalıdır”.
Deyilənlərə görə, Qəzənfər Ağayev yuxarıda adları çəkilən obyekt və təsərrüfat sahələrinin bir qismini "Caspian Fruit Co” MMC-nin, qalanlarını isə ayrı-ayrı şəxslərin adına özəlləşdirib.
Ramin DEKO,
Azadlıq Qəzeti