Ataxan Əbilov bölgə qazetində verilən müsahibəyə öz fikrini bildirdi
Verdiyim istinadda bir sual və ona verilən cavab diqqəti cəlb edir. Həm suala, həm də ona verilən cavaba fikir verin. Ortaya qoyulan məntiqlə çıxış etsək hamı ingilis dilini öyrənməlidir ki, birdəfəlik ağ günə çıxsın. Jurnalistdə və kənddə müəllimlik edən xanımda günah görmürəm. Bu hökümətin apardığı idealoji xəttin göstəricisi və nəticəsidir. Xınalıq dili sanki yad, gəlmə və ziyanlı bir dil kimi qələmə verilir. Halbuki bu dil Azərbaycanın dillərindən biridir və dünya miqyasında yalnız Azərbaycanda bu dildə danışılır. Bu unikallığı qoruyub saxlamaq əvəzinə onun tezliklə aradan çıxmasında maraqlıyıq…
Əslində isə necə olmalı idi. Xınalığa təşrif buyuran bu xanım şagirdlərlə daha yaxşı kontakt qurmaq üçün xınalıq dilini öyrənməli idi. Bu onun vəzifəsi hesab edilməlidir.
Misal olaraq bəyənmədiyimiz Avropa təcrübəsinə istinad edərəm. Niderlandda yerli titul millət olan hollandlarla yanaşı aborigen frislər yaşayır. Frislanda işləməyə gedən həkim və müəllimlərdən məcburən fris dilini öyrənmək tələb olunur. Bu barədə hökümətin xüsusi göstərişi var. Dövlət dili Niderland dilidir. Frislandda işləməyə yollanan hər bir işçidən dövlət dililə yanaşı fris dilində də danışmaq tələb olunur. Bunu bir tərəfədən yerli xalqın dilinə hörmətlə, digər tərəfdən isə insanların öz emossiyalarını daha yaxş ana dilində ifadə etməsilə bağlayırlar...
Təəssüf ki, Azərbaycanda belə məsələlərdən istinadda verilən formada danışmaq vətənpərvərlik nümunəsi kimi qələmə verilir. Əslində isə daha çox Azərbaycan vətənpərvəri olmaq Niderlanddakı fris nümunəsini tezliklə Azərbaycana gətirilməsinə çalışmaqdan keçir.
İndi isə haqqında danışdığım suala və cavaba fikir verin:
– Mühüm bir məsələyə toxundunuz. Baxmayaraq ki, dərs dediyiniz məkan Azərbaycan ərazisidir və burada azərbaycanlılar yaşayır, amma buranın da özünəməxsus dili var. İstərdim ki, bu məsələdən danışaq. Bu problemi necə aradan qaldırmağa çalışırsınız, yaxud problemin həllinə nə dərəcədə nail ola bilmisiz? Şagirdlərlə bir-birinizi anlamaqda çətinliklər həllə də davam edirmi?
– Kənddə bacardığım qədər valideynlərlə söhbətlər aparıram ki, övladları ilə evdə Azərbaycan dilində danışsınlar. Əks halda, gələcəkdə onların uşaqlarına böyük çətinliklər törədəcək. Bəli, şagirdlər məni anlayır, lakin kitabdakı mövzuları dərk edə bilmirlər. Mənim əlaçı şagirdlərim də var. Ən böyük problem də odur ki , valideynlər evdə uşaqları ilə məşğul olmur. Uşaqlar dərs prosesində nə öyrənirlərsə, onunla kifayətlənirlər. Şagirdlərin nitqini inkişaf etdirmək üçün kitabxanadan kitablar alıram, sinifdənxaric oxu keçirəm. Bu da öz faydasını verir (http://www.bolge.info/Home/Details/2699).
http://edaletsizlik.com/