Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi Hilal Məmmədovun istintaqı başa çatıb. Məlumatı "Media forum” saytına vəkil Yalçın İmanov verib. Onun sözlərinə görə, müdafiəçilər və Hilal Məmmədov cinayət işinin materialları ilə tanış olurlar: "Dekabrın 3-də Hilal Məmmədovla görüşdüm. Səhhəti yaxşı deyil, kəskin bronxial-astma xəstəliyindən əziyyət çəkir”.
Yalçın İmanov deyib ki, noyabrın 28-də Ombudsman Aparatından Hilal Məmmədovun kamera yoldaşı Cəbrayıl Abuzərovun Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülməsi məlumatı verilsə də, Cəbrayıl Abuzərov kameradan noyabrın 30-u axşam saatlarında çıxarılıb: "Hilal Məmmədov Cəbrayıl Abuzərovun ruhi-psixi çatışmazlıqdan əziyyət çəkdiyini, amma xəstəxanaya köçürülmədiyini demişdi. Həmin dustağın kameradan çıxarılmasına çox enerji sərf etdik”.
Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.