Bu gün "Tolışi Sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin üzvləri Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Piket H.Məmmədovun işi üzrə növbəti məhkəmə iclası ilə əlaqədar keçirilib.
Aksiya iştirakçıları məhkəmə prosesinin qapalı keçirilməsinə və Hilal Məmmədovun hüquqlarının pozulmasına etirazlarını bildiriblər.
Komitənin üzvü Mehdibəy Səfərov qeyd edib ki, məhkəmə istintaqı prosessual normaların kobud şəkildə pozulması ilə keçirilir, müdafiə tərəfinin vəsatətləri təmin olunmur.
H.Məmmədov 2012-ci il iyunun 12-də şərlənərək həbs olunub. O, narkotik maddənin qanunsuz saxlanmasında, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında ittiham olunur.
Lakin yerli və beynəlxalq təşkilatlar hesab edirlər ki, Hilal Məmmədov siyasi motivlərlə təqib olunur.