Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədovun həbsindən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib və dərhal da sona yetib.
Vəkil Xalid Bağırov "Media forum” saytına deyib ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Hilal Məmmədov da iştirak edib: "Proses məhkəmə istintaqı aparılmadan və qapalı keçirildi. Məhkəmə hesab etdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanuni və əsaslıdır və onu dəyişdirmədən saxladı. Biz tələb etmişdik ki, məhkəmə açıq və istintaqla keçirilsin. Heç bir tələbimiz təmin olunmadı. Qərardan Ali Məhkəməyə şikayət verəcəyik”.
Hilal Məmmədov 2012-ci ilin iyununda tutulub. Bu il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Hilal Məmmədovu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.